Bu gün Pakistanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşü işinə başlayır.
İki gün davam edəcək Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzularda müzakirə aparacaqlar.
Şanxay Əməkdaşlıq Təşkilatının Hökumət Başçıları Şurasının 23-cü iclasına şuranın hazırkı sədri kimi Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərif sədrlik edəcək. ŞƏT-in iclasında Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusun baş nazirləri təmsil olunacaqlar. Sammitdə İranın Birinci vitse-prezidenti və Hindistanın xarici işlər naziri, həmçinin müşahidəçi dövlət kimi Monqolustanın Baş naziri və Türkmənistanın xarici işlər naziri də iştirak edəcək.
Qeyd edək ki, Pakistan 2015-2017-ci illərdə müşahidəçi rolunu yerinə yetirərək 2017-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv kimi qoşulub. Sammitdə regional diplomatiyanın daha da gücləndirilməsi və üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi gözlənilir.