Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olunub

Azərbaycanda 1 aprel tarixindən etibarən elektron siqaretlərin və onların tərkib hissələrinin idxalı, ixracı, istehsalı, saxlanması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan olunub.

Bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi “Tütün və tütün məmulatı haqqında” qanuna edilən əlavələrdə əksini tapıb.

Qanuna əsasən, nikotin tərkibli elektron siqaretlər artıq rəsmi olaraq tütün məmulatı kateqoriyasına daxil edilib.

Elektron siqaret dedikdə, qida məhsulları, dərman vasitələri və tibbi cihazlardan fərqli olaraq, nikotinli və ya nikotinsiz buxarın tənəffüs yolu ilə qəbul edilməsi üçün nəzərdə tutulan, müştük, kartric və ya flakon kimi hissələri olan və ya olmayan qurğular başa düşülür. Bu cihazlar birdəfəlik və ya təkrar doldurulan formada istifadə oluna bilər. Qızdırılan tütün məmulatları isə bu kateqoriyaya daxil edilmir.

Qızdırılan tütün məhsulları tütün və əlavə komponentlərdən ibarət olub, alışdırılmadan qızdırılma yolu ilə yaranan nikotinli aerozolun tənəffüs yolu ilə qəbuluna xidmət edir.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, bu qadağaları pozan fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 1650–2200 manat, hüquqi şəxslər isə 4000–5000 manat məbləğində cərimə olunacaqlar.

Bundan əlavə, qadağan olunmuş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaretdən istifadə edən şəxslər 30 manat cərimə ediləcək.

Son xəbərlər
Digər xəbərlər