7 C
Baku
Thursday, December 12, 2024

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılıb

Bu gündən Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu keçiriləcək.

Nazirlikdən bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər saat 11:00-dan linkə daxil olaraq müraciət edə bilərlər.

Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Bununla yanaşı, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

Müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:

– əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1.1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;

– iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1.05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;

– həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1.05 artım əmsalına vurularaq hesablanır;

– 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1.1 artım əmsalına vurularaq hesablanır.

Qeyd edək ki, müsabiqə aprelin 17-si saat 11:00-dək davam edəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər