Bu həftə qlobal maliyyə bazarlarında volatillik müşahidə edilə bilər – ANALİTİKA

Ötən həftənin sonu beynəlxalq maliyyə bazarlarının bütün əsas indekslərində azalma müşahidə edilib.

“Dow Jones” indeksi 0,3%, “S&P 500” indeksi 0,6%, “Nasdaq” indeksi isə 0,8% aşağı düşüb.

Nyu-York Fond Birjasında ticarətə buraxılmış səhmlərin ümumi dəyəri isə 6,52 mlrd. ABŞ dollarına düşüb ki, bu da son 20 ticarət sessiyası üzrə orta göstəricidən (6,98 mlrd. dollar) aşağıdır. Əmtəə birjalarında “Brent” markalı neftin 1 barelinin qiyməti 73 dollara qədər, qızılın 1 unsiyasının qiyməti 1 333,9 dollara qədər azalıb. Qeyd edək ki, bu, qiymətli metalın son 2 həftə üzrə qiymətində ən aşağı həddir. Bütün bunların kökündə isə ABŞ-ın iqtisadi göstəricilərinin açıqlanması, bu ölkənin 10 illik müddətə dövriyyəyə buraxılmış istiqrazlarının illik gəlirliliyinin 2,97%-ə yüksəlməsi dayanır. Bir çox borc alətlərinin qiymətləndirilməsində bençmark kimi istifadə olunan bu faiz dərəcəsi digər borc kağızlarının da gəlirliliyinin artmasına gətirib çıxarır.

Baxmayaraq ki, Beynəlxalq Valyuta Fondu ABŞ üçün iqtisadi artım proqnozunu 2,7%-dən 2,9%-ə çatdırıb, bu iqtisadi böyümənin ABŞ-ın dövlət borcunu da artırdığı sirr deyil. Dünya iqtisadi böhranından 10 ilə yaxın vaxt keçsə də, hazırda ABŞ-ın dövlət borcu onun ümumi daxili məhsulunun dəyərindən 10% çoxdur. Bu fərqin 2023-cü ilə qədər 17% çatacağı proqnozlaşdırılır. Bu cür vəziyyət isə inflyasiya yönümlü iqtisadiyyat və artan faiz dərəcələri deməkdir. Üstəlik belə fiskal siyasətin ticarət müharibələri ilə paralel aparılması ölkə iqtisadiyyatının gələcəyi üçün ümidləri azaldır.

Bu həftə qlobal maliyyə bazarlarında müəyyən dərəcədə volatillik müşahidə edilə bilər. Bu isə aşağıdakı hadisələrin bazar qiymətlərinə mümkün təsiri fonunda baş verəcək.

– ABŞ-da PMİ (Producer Manufactering İndex – istehsal qiymətləri indeksi) göstəricisinin açıqlanması. Bu indeks CPİ (Consumer Price İndex – istehlak qiymətləri indeksi) ilə birlikdə inflyasiya gözləntiləri barədə fikir formalaşdırır.

– Avropa Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarının açıqlanması. İnvestorlar qurumun bu həftə keçiriləcək iclasında faizlərin sabit qalacağını proqnozlaşdırsa da, onun yekunu barədə veriləcək açıqlama iyundakı iclasda gözlənilən mümkün faiz dəyişikliyinin əsas siqnalı olacaq.

– Yaponiya hökumətinin pul siyasəti ilə bağlı qərarı. Bu həftə Yaponiya Mərkəzi Bankı yaxın vaxtlarda uçot dərəcəsinə edilə biləcək dəyişikliklər barədə açıqlama verəcək və bu ilin I rübünün hesabatını təqdim edəcək.

– “Google”, “Amazon”, “Facebook”, “Samsung”, “UBS”, “Bank of China”, “Total”, “Exxon Mobil”, “Chevron”, “Honda”, “Deutch Bank” kimi iri şirkətlər bu həftə rüblük gəlirlərini açıqlayacaqlar. Bu, investorların səhm bazarına inamına təsirsiz ötüşməyəcək.

©Report-un analitik qrupu