5 C
Baku
Monday, December 30, 2024

Bu hallarda şəxsin birdən çox işdə çalışmasına icazə verilmir

Bəzi iş yerlərində əməkdaşlara ikinci iş yerində çalışmaq qadağası qoyur. Bu, bağlanan müqavilədə əks olunur, yaxud işçiyə şifahi şəkildə xəbərdarlıq edilir. Sözügedən hallar işçi və rəhbərlik arasında mübahisələrə səbəb olur.

Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir:

“İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması barədə normaları Əmək Məcəlləsinin 58-ci maddəsi tənzimləyir. Bu maddəyə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Ancaq əvəzçilik üzrə gündəlik normal iş vaxtının müddəti 4 saatdan və gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox olma bilməz”.

 

Vəkilin sözlərinə görə, əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə müəyyən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir:

“Belə ki, əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Bundan başqa, yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Həmçinin bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur. Beləliklə, əmək qanunvericiliyində yuxarıda qeyd etdiyimiz məhdudiyyətlər istisna olmaqla iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə qadağa qoyulması və bu əsasa görə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə ziddir. Belə halla rastlaşan şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə, həmçinin mediasiya prosesindən keçməklə məhkəməyə müraciət edə bilərlər”.

Mənbəmodern.az
Son xəbərlər
Digər xəbərlər