13 C
Baku
Saturday, November 2, 2024

Bu il 5570 sahibkara 295 milyon manat güzəştli kredit verilib

Azərbaycanda 2014-cü il ərzində 5570 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 295 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12 min 500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Bu barədə dekabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Siyəzən rayonunun Böyük Həmyə kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda məlumat verilib. 70-ə yaxın sahibkarın iştirak etdiyi 2014-cü ilin sonuncu işgüzar forumunda Siyəzən rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Eyni zamanda cins heyvandarlıq, istixana və üzümçülük təsərrüfatlarının, fermer mağazalarının yaradılması üzrə layihələrin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ötən illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 24,6 faiz artıb. Güzəştli kreditlərin 77 faizi regionların, 23 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, iri fermer təsərrüfatları, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”lər, çörək zavodları, quşçuluq və intensiv bağçılıq təsərrüfatları, yem zavodları, tikinti materiallarının istehsalı, mis emalı, istixana konstruksiyaları və meyvəqurutma avadanlıqlarının istehsalı, meyvə və tərəvəz emalı müəssisələri və iqtisadiyyatın digər prioritet sahələri üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.

İl ərzində Güzəştli kreditlər hesabına maliyyələşdirilən yeni texnologiyalara əsaslanan 40-a yaxın istehsal, emal və aqrar sektora xidmət infrastrukturu müəssisəsi istifadəyə verilib. O cümlədən sənaye yönümlü 27 investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 milyon manat güzəştli kredit ayrılıb.

Şirzad Abdullayev bildirib ki, 2015-ci ildə ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, logistika mərkəzlərinin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, iri fermer, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, müasir istixana komplekslərinin, meyvə-tərəvəz emalı, qarışıq yem istehsalı, çörək istehsalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.

Siyəzəndə keçirilən işgüzar forum çərçivəsində 44 sahibkarlıq subyektinə 546,7 min manat güzəştli kredit verilib. Ayrılmış kreditlər əsasən, heyvandarlıq, bağçılıq, taxılçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 60-dan çox yeni iş yerinin açılmasına imkan yaradacaq.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər