22 C
Baku
Saturday, June 29, 2024

Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Bu il ərzində Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Ağdamda olarkən jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı yaradılıb. Park 190 hektar ərazini əhatə edir. Artıq Sənaye Parkının 60 faizdən çox hissəsi dolub, həmin ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib.

“Qeyd edim ki, digər sənaye zonaları kimi, Ağdam Sənaye Parkına da sahibkarlar tərəfindən böyük maraq göstərilir, belə ki, bir maraqlı nüansı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarından Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı hazırda Ağdam Sənaye Parkındadır.

Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 200,6 milyon manatdan çox olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən Sənaye Parkında ümumilikdə 1900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.

Hazırda Sənaye Parkında bir çox rezidentlər tərəfindən tikinti-quraşdırma işləri tam başa çatdırılıb, yaxın vaxtlarda istehsal fəaliyyətlərinə başlamaları nəzərdə tutulur. Bəzi rezidentlər tərəfindən isə tikinti-quraşdırma işləri davam etdirilir. Bunların da bəzilərində işlərin bu il ərzində yekunlaşması planlaşdırılır.

Bu il Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların istehsalı və s. müəssisələrin bu il fəaliyyətə başlaması nəzərdə tutulur.

Həmçinin, hazırda Ağdam Sənaye Parkında dövlət vəsaiti hesabına rezidentlər üçün infrastrukturun qurulması, elektrik yarımstansiyasının, inzibati binanın tikintisi istiqamətində işlər davam etdirilir”, – deyə sədr əlavə edib.

Son xəbərlər
Digər xəbərlər