Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 7 milyard 890,4 milyon kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 23.1% çoxdur.
Bu ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 888,52 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 25.06% çoxdur.
Bununla da sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 27%-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Türkiyə Azərbaycandan 710,48 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə sentyabrda Türkiyə ümumilikdə 3 milyard 291,83 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3.22% azdır.
Sentyabrda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. İlin 9-cu ayında Rusiyadan Türkiyəyə 1 milyard 902,17 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 23.53% çoxdur.
Sentyabrda üçüncü yerdə Əlcəzair qərarlaşıb. Bu ölkə sentyabrda Türkiyəyə 399,57 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 34.76% çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.