10 C
Baku
Thursday, December 12, 2024

Bu il Azərbaycanda “İnnovasiya Evi” inşa olunacaq

“Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb. Artıq agentliyin əsasnaməsinin layihəsi hazırlanıb və baxılma mərhələsindədir”.

Bunu Azərbaycan Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına həsr edilən “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfransda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, yeni Agentlik Azərbaycanda innovasiya fəaliyyətinin inkişafına daha da təkan verəcək:

“Nazirliyin layihələri çərçivəsində “İnnovasiya Evi”nin qurulması nəzərdə tutulub. Bu il bu Evin inşasına başlanılacaq. Güman edirik ki, bu mərkəz gənclərimiz, ümumuyyətlə innovativ ideyaları olan hər bir şəxs üçün faydalı olacaq. Bu mərkəzdə də əqli mülkiyyətin, yaxud biliklərin transferi mərkəzi də fəaliyyət göstərəcək. Yəni, ideyaların kommersiyalaşması istiqamətində gənclərə dövlət tərəfindən dəstək göstəriləcək”.

Nazir müavini əlavə edib ki, təmsil etdiyi qurum “Hökumət buludu”nun üzərində də çalışır:

“Hökumət buludu”, “Data mərkəzi”nin yaradılması, ümumiyyətlə internetin inkişaf etdirilməsi, yeni ixtisasların, yeni fəaliyyət sahələrinin yaradılması üzərində də iş gedir. Hesab edirəm ki, aidiyyatı qurumlarla birgə fəaliyyət nəticəsində biz bu işləri yerinə yetirə biləcəyik. Bir rəqəmi qeyd etmək istəyirəm. Davos forumunun hesabatlarına görə, hazırda təhsil alan uşaqların təxminən 65%-i bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Bunun özü göstərir ki, biz öz fəaliyyətimizdə hansı addımları atmalıyıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər