2026-cı ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 696 283 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Halbuki, 2025-cü ilin eyni dövründə 1 614 737 vergi ödəyicisi vardı.
Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,9 faiz, hüquqi şəxslərin sayı 6,2 faiz artıb.
Aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 986 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.
2026-cı ilin mart ayında 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,3 faizi yerli investisiyalı, 8,7 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 86,9 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-mart aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,2 faiz təşkil edib.
2026-cı ilin aprel ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
2025-ci ilin yanvar-mart aylarında 3 479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 faizi yerli investisiyalı, 11 faizi xarici investisiyalı idi. Kommersiya qurumlarının 86 faizi elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil etmişdi.






