“Bizim əsas fəaliyyət hədəflərimizdən biri beynəlxalq arenada “ASAN xidmət”in təbliğatını aparmaq və daha çox ölkəyə ixrac etməkdir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə 13 ölkə ilə ciddi işlər görülür: “Bu il ərzində bəzi ölkələrdə “ASAN xidmət” mərkəzlərinin açılışı olacaq. Bu istiqamətdə işlərimiz davam edir”.
Ü.Mehdiyev deyib ki, ASAN Beynəlxalq Assosiasiyasının formalaşdırılması prosesi gedir: “Ötən ilin dekabrında 8 ölkə ilə birgə nizamnamə layihəsi razılaşdırılıb və hazırda həmin dövlətlər sənədi öz ölkələrində ratifikasiya etməlidir. Bundan sonra biz yenə bir araya gələrək Assosiasiyasının fəaliyyətə başlamasını bəyan edə bilərik. Bu, qısa bir proses deyil, amma ilin birinci yarısında yekunlaşmalıdır”.
Qeyd edək ki, Assosiasiya layihəsini imzalayan dövlətlər Azərbaycan, Mərakeş, Monteneqro, Malayziya, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda və Birləşmiş Ərəb Əmirlikləridir.
©Report