Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.