15 C
Baku
Sunday, November 24, 2024

Bu il könüllü olaraq ölkəyə qayıdan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

2023-cü ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərilib.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən bildirilib.

BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.

2023-cü ilin yanvar-sentyabr aylarında KQYR layihələri çərçivəsində ümumilikdə 1367 Azərbaycan vətəndaşı könüllü olaraq Azərbaycana qayıdıb. Qayıdış ölkələri Moldova (1149 nəfər), Almaniya (170 nəfər), Hollandiya (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən 1 nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olub.

Cari ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərib.

Hesabat dövrü ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi 128 geri qayıdan şəxslə hərtərəfli fərdi məsləhətləşmələr keçirib, 293 nəfər benefisiardan 54 nəfər geri qayıdan şəxsə nağd pul yardımı göstərib, 239 nəfər isə qeyri-nağd şəklində yardım alıb. Qeyri-nağd şəkildə edilən yardım müvəqqəti mənzil təminatı, kiçik biznesə başlamaq üçün dəstək, ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyalarının alınması, eləcə də tibbi ehtiyaclarının ödənilməsi kimi dəstəyi əhatə edib.

BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru (məsələn, taksi xidməti), kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.

2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə 3135 Azərbaycan vətəndaşı reinteqrasiya dəstəyi alıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər