Bu ilin yanvar-aprel aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 217 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 18,6 mln. manat güzəştli kreditlər verilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu kreditlərin reallaşdırılması nəticəsində 600-dək yeni iş yerinin açılması imkanı yaranıb.
Verilən kreditlərin 43%-i aqrar sektorun, 57%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Güzəştli kreditlərin 73%-i regionlarda, 27%-i isə Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.