Şuşa şəhərində dəniz səviyyəsindən 1406 metr hündürlükdə, 80 sot ərazidə hər biri 1000 kubmetr olan iki hissədən ibarət mərkəz su anbarı tikilir.
Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, su anbarı bu il istismara veriləcək.
“Zarıslı su bəndində toplanan su nasoslar vasitəsilə bu anbara vurulacaq və bu anbardan öz axını ilə şəhər şəbəkəsinə paylanacaq. Anbarın özəlliyi budur ki, əgər gələcəkdə elektrik kəsintisi olarsa, nasos sıradan çıxarsa Şuşadakı istehlakçılar bu kəsintini hiss etməyəcəklər. Bu anbardan istifadə etməklə biz onları yenə də kəsintisiz su ilə təmin edəcəyik. Bundan sonra bir su anbarı da istifadəyə veriləcək və son olaraq şəhər su şəbəkəsinin yenidən qurulmasına başlayacağıq”, – deyə Anar Cəbrayıllı vurğulayıb.