Türkiyədən xaricə birbaşa investisiyalar 2022-ci ildə $5 mlrd-a çatıb.
Banker.az Türkiyənin Dünya Qəzetinə istinadən xəbər verir ki, son dövrlərdə 2014 və 2015-ci illərdə birbaşa investisiyalar $5 mlrd.-ı ötmüşdü. “Dünya” tərəfindən tədiyyə balansı məlumatlarına əsasən aparılan hesablamalara görə, 2022-ci ilin may ayı etibarilə Türkiyədən xaricə illik investisiyalar $5.1 mlrd.-a çatıb. Yanvar-may aylarında yatırılan investisiya $1 mlrd. 792 mln. olub. Əvvəlki ilin eyni dövründə isə bu məbləğ $1 mlrd. 311 mln. olmuşdu.
Türkiyəyə qoyulan birbaşa investisiyalarla yanaşı, son dövrdə Türkiyədən xaricə qoyulan sərmayələr də artmağa davam edir. 2022-ci ildə ümumi investisiyaların $5 mlrd. səviyyəsini keçmək ehtimalı yenidən ortaya çıxdı. 2010-cu ildən bu yana davam edən illik yüksək səviyyələr ümumilikdə ciddi rəqəmlərə çatıb. Məsələn, 2010-cu ildən 2021-ci ilin sonuna qədər Türkiyədən xaricə birbaşa investisiyalar $43 mlrd. 841 mln.-a çatıb. İnvestisiyaların $23.2 mlrd.-ı sənayeyə, $9.7 mlrd.-ı isə sənaye daxilində emal sənayesinə qoyulub.
Ləğvetmələrin çıxılmadığı və daşınmaz əmlakın daxil edilmədiyi investisiyalar nəzərə alınarsa, xaricə qoyulan investisiyalar ilə Türkiyəyə qoyulan investisiyalar arasında balansın davamlı olaraq dəyişməsi diqqət çəkir. 2010-cu ildə Türkiyədən xaricə yatırılan investisiyalar daxil olan investisiyaların 29%-i səviyyəsində olduğu halda, davamlı artım tendensiyası müşahidə olundu. 2021-ci il etibarilə Türkiyəyə yatırılan investisiyaların 60.8%-i qədər xaricə investisiya yatırılıb.
Türkiyədən xaricə qoyulan sərmayələrdə istehsal sənayesindəki sərmayələrin artması tendensiyası da diqqət çəkdi. Sənaye sektoruna qoyulan investisiyaların demək olar ki, yarısı emal sənayesinin payına düşür. Uzun müddətdən sonra emal sənayesinə qoyulan investisiyaların 2022-ci ildə $1 mlrd.-ı keçəcəyi gözlənilir. Sənayenin digər qolları enerji və mədənçıxarmada da intensiv investisiya qoyuluşu müşahidə olunur.