21 C
Baku
Saturday, November 2, 2024

Bu ilin ilk hərracında 30 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə 2017-ci ilin ilk hərracını keçirib. Hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. Altı kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Budəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.

Komitədən bildirilib ki, belə hərraclar açıq və şəffaf şəkildə hər həftə keçirilir. İstənilən vətəndaş hərraca rahat şəkildə məhdudiyyətsiz qatıla bilir.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifariş olub. Bu səbəbdən bu əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif etmiş iddiaçı qalib elan olunub. Özəlləşdirilmiş kiçik müəssisələrdən 2-si, istifadəsiz qeyri-yaşayış sahələrindən 12-si paytaxtda yerləşir. Bu əmlaklar Bakıda, Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (Heydər Əliyev prospekti, 139A) baş tutmuş hərracda özəlləşdirilib.

Həmin gün regionlarda da hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib.

Regionlarda keçirilmiş hərraclarda 4 kiçik dövlət müəssisə və obyekti, eləcə də 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlərin 1-i Xaçmaz, 1-i Şabran, 2-si isə Masallıda, 2 qeyri-yaşayış sahəsi isə Sumqayıt və Ağstafada yerləşir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak paytaxtın Binəqədi rayonunda yerləşən “Araz” Avtomotoservis Müəssisəsi olub. Müəssisə 717 min 600 manata özəlləşdirilib. Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi isə 150 min manata satılıb. Paytaxtda özəlləşdirilmiş 12 qeyri-yaşayış obyektinin 5-i Nəsimi, 3-ü Nərimanov, 1-i Xətai, 1-i Yasamal, 1-i Nizami, sonuncusu isə Suraxanı rayonunda yerləşir.

Fiziki və hüquqi şəxslər belə kiçik müəssisələri və qeyri-yaşayış sahələrini, əsasən biznes məqsədilə istifadə üçün özəlləşdirirlər. Çünki belə obyektlər sahibkarlıq fəaliyyəti baxımından kifayət qədər əlverişlidir. Yaxud belə əmlaklara yiyələnən alıcılar sonradan həmin əmlakı icarəyə verməklə də gəlir mənbəyinə çevirə bilir. Mühüm üstünlük isə hərracda satılmış əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Qeyd edək ki, ƏMDK tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.

Son xəbərlər
Digər xəbərlər