-1 C
Baku
Saturday, December 14, 2024

Bu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün elektron təyinat mexanizmi işə salınıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyində keçirilən mətbuat konfransında  nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deyib.

H. Məmişov dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçildiyini bildirib: “İl ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub”.

O, 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin də elektron təyinatı infrastukturunun qurulmasına başlandığını deyib: “Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi ötən ay istifadəyə verilib və e-qaydada 7 minədək bu növ təyinat aparılıb.  Növbəti addım kimi daha iki sosial təminat növü – sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb. İl ərzində bu e-xidmət təqribən 7,5 min uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə təyinatı üzrə 15 minədək insanı əhatə edəcək”.

Fond direktorunun sözlərinə görə, bunun sayəsində il ərzində 15 min insanın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac qalmadan, həmin müavinət və təqaüdlər onlara proaktiv şəkildə təyin ediləcək.

Sonra təyinat mexanizminin təqdimatı olub.

Qeyd edilib ki, uşağın sağlamlıq imkanlarının məhdudluğu elektron sistem üzərindən təyin edilən kimi, aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin “Əlillik” altsistemində hər hansı bir uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə -“Sosial ödənişlər” altsisteminə ötürülür. Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edir və bu barədə, həmçinin ödəniş kartını hansı bankdan alacağına dair sms-məlumat göndərir. Şəxsin telefonu olmadıqda nazirliyin 142 – Çağrı mərkəzi və ya e-sosial.az internet portalı vasitəsilə, yaxud, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə şöbəsindən məlumat ala bilər.

Tədbirdə bildirilib ki, bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq. Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək.

Xayırladaq ki, bu il sosial sahədə reallaşdırılan mühüm islahatların tərkib hissəsi kimi sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği də 82 manatdan 150 manata çatdırılıb, həmin uşaqlara qulluq edənlər üçün isə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

©APA

 

Son xəbərlər
Digər xəbərlər