Çili hökuməti koronavirusa yoluxma hallarının sayının artması səbəbindən ölkə paytaxtının bütün bölgələrində karantin tədbirlərini yenidən sərtləşdirməyə qərar verib.
“TASS” xəbər verir ki, bu barədə Çili Səhiyyə Nazirliyi bildirib.
“Dekabr ayının 10-dan başlayaraq paytaxt dairəsinin bütün kommunaları keçid mərhələsinə keçir”, – məlumatda deyilir.
Bu o deməkdir ki, Santyaqo sakinləri yenidən həftəsonu icazə almadan evdən çıxa bilməyəcəklər. Həftəiçi günlərdə komendant saatından (00:00-dan 05:00-dək) kənar şəhərlilərin küçəyə çıxmağına və işə getmələrinə icazə veriləcək.
Səhiyyə naziri Enrike Paris bildirib ki, son sutka ərzində paytaxt regionunda aşkarlanan yeni yoluxma hallarının sayı 18% artıb. “Sakinlərin sayını nəzərə alaraq, bu bizi ciddi narahat edən çox yüksək göstəricidir”, – deyə o bildirib.
Santyaqoda ilk sərt karantin mayın ortalarında tətbiq edilmiş, iyul ayından isə tədricən yumşaldılmağa başladılmışdı.
Çilidə koronavirusa ilk yoluxma halı martın 3-də qeydə alınıb. İndiyədək 562 mindən çox insan bu virusa yoluxub, 15 mindən çox pasiyent dünyasını dəyişib. Noyabrın 23-dən Çili əcnəbilər üçün sərhədləri açıb.