Estoniya hökuməti Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndi ilə vaksinasiya olan vətəndaşlara peyvənd pasportu verməkdən imtina edib.
Bu barədə respublikanın sosial işlər nazinin müavini Kallo Killar açıqlama verib. O bildirib ki, dövlət yalnız Avropa tənzimləyiciləri tərəfindən təsdiqlənmiş və Avropa İttifaqında (AB) satış icazəsi almış peyvəndlərlə immunizasiyanı tanıya bilər.
“Sputnik V” bunların arasında deyil, buna görə də onu məlumat sisteminə əlavə edə bilmərik”,- deyə nazir qeyd edib.
Bununla belə Kallo Killar bu qərarın gələcəkdə Rusiya peyvəndi ilə vaksinasiya olunan vətəndaşlara beynəlxalq səyahətlərdə problemlər yarada biləcəyini etiraf edib.
Öz növbəsində, Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Andres Sutt peyvəndləmə pasportlarının Avropada 15 iyundan etibarən etibarlı olacağını bildirib. Ölkə may ayında sənədləri verməyə başlamağı planlaşdırır. Sənədin tətbiq dairəsi hələ dəqiq müəyyənləşdirilməyib, lakin vətəndaşların Avropa İttifaqı daxilindəki sərhədləri sərbəst keçməsinə imkan verə biləcəyi məlumdur.
Xatırladaq ki, daha əvvəl Estoniya Prezidenti Kersti Kalyulayd ölkədə Rusiya peyvəndinin istifadəsinə preparatın Brüsseldə təsdiqlənməsindən sonra icazə veriləcəyini açıqlamışdı. Tallinn meri Mixail Kilvart isə tənzimləyicilərin mövqeyindən asılı olmayaraq, ölkəyə dərmanı tədarük etməyə başlamağa çağırmışdı.