Bildiyimiz kimi, son illər gənclərimiz təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Lakin hər tələbənin maddi imkanı Avropa və ya Amerikada təhsil almağa uyğun deyil. Belə olduğu halda, onlar müxtəlif təqaüdlərə (Erasmus master, Visby, Visegrad və s.) müraciət edirlər, amma həmin təqaüdlərin də qəbul şərtləri çox çətin olur.
Xarici mediaya istinadən təhsili ödənişsiz olan ölkələrin siyahısını təqdim edirik:
Avropada dövlət universitetləri pulsuzdur
Bir çox Avropa ölkəsində dövlət tələbələrin təhsil haqqını maaliyyələşdirir. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsil haqqı ödəmir. Hətta ailə üzvlərindən biri ağır xəstə olan tələbələr də ödənişsiz təhsil alır.
Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna Universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.
Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.
Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.
Beynəlxalq tələbələr üçün və ya Azərbaycan tələbələri üçün ən uyğun olan ölkə Almaniyadır. Bəzi əyalətlərdə təhsil almaq tam ödənişsiz, bəzi əyalətlərdə isə ildə min avroya başa gəlir. Ama bu, yaşam xərclərinizi qarşılayacaq anlamına gəlmir. Almaniya tələbə vizası üçün Alman bankına 10 236 avro yatırmanızı məcbur edir. Çünki siz bir illik xərcinizi öncədən göstərməlisiniz ki, gedib orada çətin vəziyyətdə qalmayasınız.
ABŞ tələbələrinin təhsil xərcləri 80% azaldılır
ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə, hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.
Neft ölkələrinin əksəriyyətində təhsil pulsuzdur
Üstəlik, bu ölkələrdə kifayət qədər yüksək təqaüd verilir və tələbələr yataqxana ilə təmin olunur. Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır.
Birləşmiş Ərəb Əmirliklərində də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xərclər də BƏƏ büdcəsindən ödənilir.
Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, evli şəxslər üçün bu rəqəm 1200 dollardı.
Həmçinin İranda da təhsilin bütün pillələri pulsuzdur.