6 C
Baku
Sunday, December 15, 2024

Bu ölkəyə səfər edənlər xüsusi qeydiyyatdan keçməli olacaqlar

Yanvarın 15-dən etibarən Avstriyaya səfər edənlər koronavirus pandemiyası ilə əlaqədar xüsusi qeydiyyatdan keçməli olacaqlar.

Onlayn qeydiyyat öhdəliyi təkcə əcnəbilərə deyil, eyni zamanda Avstriya vətəndaşlarına da şamil olunacaq. Avstriya Federal Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, xaricdə yaşayan təxminən 200 min Avstriya vətəndaşlarına artıq bu barədə məlumat email vasitəsilə göndərilib.

Qeyd edilib ki, yanvarın 15-dən sonra ölkəyə daxil olan hər bir şəxs üçün özünütəcrid müddəti qüvvədə olacaq və yalnız özünütəcridin 5-ci günü koronavirusa qarşı testdən keçib, ev şəraitində karantinə son qoymaq mümkün olacaq. Ölkə ərazisindən tranzit kimi istifadə edənlər, eləcə də qonşu ölkələrin ərazisində əmək fəaliyyəti ilə məşğul olan və gündəlik olaraq sərhədi keçən şəxslərə bu qaydalar şamil olunmayacaq.

Nazirliyin açıqlamasında, həmçinin bildirilib ki, epidemioloji vəziyyətin daha yaxşı olduğu ölkələrdən Avstriya ərazisinə daxil olacaq şəxslərə karantin tətbiq olunmasa da, onlar onlayn qeydiyyat öhdəliyindən yaxa qurtara bilməyəcəklər. Ölkələrin müvafiq siyahısı yaxın günlərdə tərtib ediləcək və onlayn qeydiyyat zamanı əlaqə məlumatları ilə yanaşı, Avstriyaya səfərdən öncəki günlərdə hansı ölkələrə səfər edilməsi də qeyd edilməli olacaq. Bununla da səfərdən öncə riskli regionlarda olan şəxslərin müəyyən edilməsi və onların karantinə alınması mümkün olmalıdır.

Avstriya ərazisinə daxil olan şəxslər pasport qeydiyyatı zamanı doldurulmuş onlayn formuların göndərilməsini təsdiqləyən məlumatı elektron və çap olunmuş formada təqdim etməlidirlər.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər