9 C
Baku
Monday, November 18, 2024

Bu özəl tibb müəssisəsində nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən hər ay özəl tibb müəssisələrində planlı və plandankənar yoxlamalar keçirilir.

Mərkəzdən verilən xəbərə görə, bu ilin may ayı ərzində plan üzrə yoxlamalar siyahısında olan 34 özəl tibb müəssisəsindən 28-də planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 19 müəssisədə nöqsanlar aşkarlanıb.

Eyni zamanda, plandankənar yoxlamalar nəzərdə tutulmuş 16 müəssisənin 14-də yoxlamalar aparılıb. Nəticədə, yoxlanılan hər bir özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb.

Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 27 protokol tərtib edilib və icraata göndərilib.

Qeyd edilməlidir ki, İXM-in 210.1–ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) əsasən, fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilir.

İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir.

İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

Bundan əlavə, 25 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 15 müraciətə müsbət rəy verilib.

Son xəbərlər
Digər xəbərlər