“Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Son 2 ay ərzində aparılan monitorinqlər nəticəsində “Artkom.Net” MMC, “Boss Group” MMC, “Shakh Telecom” MMC (Shakh TV), “AzəriGlobalServis” QSC (AGS TV), “Eurosel” MMC, “Clip TV” MMC, “Bulud Store” MMC (Bulud TV), “Smart Sistemz Technoloji” MMM (ODTV), “Beeonline” ASC, “Rahat Telecom” MMC, “Global Technology” MMC (Azəri TV) platforma operatorlarının retranslyasiya paketlərində qanunvericiliyin pozulması faktları aşkarlanmış, inzibati xəta haqqında müvafiq protokollar tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilmişdir.
Bugünədək keçirilmiş məhkəmə baxışları nəticəsində “Boss Group” MMC, “Shakh Telecom” MMC (Shakh TV), “AzəriGlobalServis” QSC (AGS TV), “Eurosel” MMC, “Artkom.Net” MMC “Rahat Telecom” MMC, “Smart Sistemz Technoloji” MMM (ODTV) hər biri 5000 manat cərimə olunmuşdur. Digər məhkəmə baxışlarının da yaxın zamanlarda baş tutacağı gözlənilir.
Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi monitorinqlər həyata keçirilir və nəticələr barədə əhaliyə zəruri məlumatlar təqdim olunacaqdır.
Bu proseslə yanaşı, Audiovizual Şura bir sıra veb-saytlar və sosial media hesabları vasitəsilə əhaliyə pirat olaraq xarici televiziya kanallarının retranslyasiyasını və audiovizual məzmunu təqdim edən resurslara qarşı mübarizəni davam etdirir. Həyata keçirilən zəruri tədbirlərin davamı olaraq 2024-cü il ərzində müvafiq məhkəmə qərarları ilə qeyd olunan istiqamətdə lisenziya almadan, qanunvericiliyə zidd olaraq fəaliyyət göstərən bir sıra İP ünvan və resurslara müraciət məhdudlaşdırılmışdır.
Lakin pirat retranslyasiya xidmətlərinə qarşı mübarizə birdəfəlik olmayıb, digər ölkələrdə olduğu kimi davamlı və mütəmadi xarakter daşımalı, həmçinin bütün cəmiyyət tərəfindən dəstəklənməlidir. Tənzimləyici qurum olaraq Audiovizual Şura əhalini yalnız lisenziya alaraq, qanuni fəaliyyət göstərən audiovizual media subyektlərinin xidmətlərindən istifadə etməyə, audiovizual media sahəsində piratçılığa qarşı həyata keçirilən fəaliyyəti dəstəkləməyə səsləyib.