7 C
Baku
Thursday, December 12, 2024

Bu qanun layihələri plenar iclasa tövsiyə edildi

Yanvarın 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədri Hicran Hüseynova ötən il baş verən və bu il bizi gözləyən əlamətdar hadisələr barədə fikirlərini bölüşüb. 2023-cü ilin xalqımızın həyatında unudulmaz hadisələrlə əlamətdar olduğunu xatırladan komitə sədri bu gün Azərbaycanın geosiyasi proseslərə nüfuz edən bir ölkəyə çevrildiyini vurğulayıb. O, Azərbaycanın uğurlarını, xüsusilə də ərazi bütövlüyünü və suverenliyini təmin etməsini bir çox ölkələrin həzm edə bilmədiklərini xatırladaraq, qarşıdan gələn prezident seçkilərində qədirbilən xalqımızın fəal iştirakına əminliyini vurğulayıb.

Sonra komitə sədri iclasın gündəliyinə 5 məsələnin – 2023-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatın, 2024-cü ilin yaz sessiyası üçün komitənin iş planının layihəsi və bəzi qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri daxil edildiyini bildirib.

H.Hüseynova əvvəlcə 2023-cü ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 9 iclası keçirilib, 11 məsələyə baxılıb. Bununla yanaşı, sessiya ərzində komitədə aktual mövzulara həsr olunmuş 2 ictimai dinləmə keçirilib.

Komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı qeyd olunub ki, layihədə cari ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinə baxılması və komitənin fəaliyyət sahəsinə aid digər məsələlərə dair tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Gündəliyin 3-cü məsələsi olan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə bildirilib ki, sənəd uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərdə valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi nəzərdə tutulub.

 

Dördüncü məsələ olan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri təklif olunan dəyişikliklərin heç bir halda milli-mənəvi və ailə dəyərlərinə mənfi təsir göstərmədiyini, əksinə, sənədin ailə institutunun möhkəmləndirilməsinə, ailədaxili münasibətlərin daha yaxşı tənzimlənməsinə, vətəndaşın konstitusion hüquqlarının müdafiəsinə xidmət etdiyini vurğulayıb.

 

Beşinci məsələ – Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, sənəd məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb.

Gündəlikdəki məsələlərin müzakirəsində Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Tamam Cəfərova, Pərvin Kərimzadə, Rauf Əliyev, Könül Nurullayeva çıxış edərək fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda komitənin ötən sessiya dövründə fəaliyyəti nəzərə alınıb, qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib, müzakirə olunan qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Son xəbərlər
Digər xəbərlər