Bu qurğular olmasaydı, süni intellekt də olmazdı. Onları dünyada yalnız bir şirkət istehsal edir

Texnologiya sektorunun uzaqgörən olmamasından, “texnologiya sahibkarları”nın lovğalığından və süni intellekt köpüyünün tezliklə partlaya biləcəyi riskindən narahat olanların Niderlandın diqqəti cəlb etməyən Veldhoven şəhərinə səfər etməsi faydalı olardı. Avropanın ən böyük şirkətinin yerləşdiyi bu şəhərdə vəziyyətə daha ayıq nəzərlərlə baxmaq mümkündür.

ASML, bəlkə də, süni intellekt sahəsində ən nüfuzlu, eyni zamanda ən az tanınan şirkətdir. Şirkətdə əhalisi 47 902 nəfər olan bu bələdiyyənin sakinlərinin təxminən yarısı, dünyanın digər ölkələrində isə daha 25 min nəfər çalışır. Onların işi yalnız bir istiqamətə yönəlib: ölçüləri getdikcə böyüyən qurğular hazırlayıb satmaq. Halbuki bu qurğuların “çap etdiyi” çiplər getdikcə kiçilir.

Şirkətin baş direktoru Kristof Fuke isə tipik “texnobro”ya qətiyyən bənzəmir. Fizika təhsili almış bu təmkinli fransız Silikon Vadisinin marketoloqlarına xoş alternativ təsiri bağışlayır. Onun nümunəsi texnoloji tərəqqinin ciddi və uzunmüddətli proses olduğunu daha inandırıcı şəkildə göstərir.

Fukenin sözlərinə görə, 42 illik tarixə malik şirkətin uğurunun sirri komanda işindədir. Biz ASML-in baş qərargahındakı adsız iclas otaqlarından birində söhbət edirik. “Qısaca desək, uğurumuz böyük ölçüdə bütün ekosistemlə son dərəcə sıx əməkdaşlığın nəticəsidir. Buraya ilk növbədə müştərilərimiz, eyni zamanda təchizat zəncirinin bütün iştirakçıları daxildir”, o izah edir. Fuke ASML-i tərəfdaşlıq prinsipləri əsasında qurulmuş əsl Avropa müəssisəsi kimi təsvir edir. Bu model aqressiv Amerika biznes yanaşmasından kəskin şəkildə fərqlənir.

ASML texnologiya sektorundan kənarda hələ də o qədər tanınmasa da, şirkətin qlobal mikrosxem istehsalındakı əhəmiyyəti getdikcə artır. ASML litoqrafiya avadanlığı bazarının böyük hissəsinə nəzarət edir və ən qabaqcıl ekstremal ultrabənövşəyi litoqrafiya, yəni EUV qurğuları üzərində tam inhisara malikdir. Mürəkkəb süni intellekt tətbiqlərinin işlədiyi çiplərin hazırlanması üçün məhz bu qurğular lazımdır.

“Düşünürəm ki, bütün dünya qlobal iqtisadiyyatın gələcəyinin cəmi bir neçə şirkətdən nə qədər asılı olduğunu indi anlamağa başlayır”, Fuke bildirir. Statistik göstəricilər də onun sözlərini təsdiqləyir. Son bir ildə ASML-in səhmləri 88 faiz bahalaşıb, bazar kapitallaşması isə 591 milyard avroya çatıb.

photo 2026 09 30 17 19 18

Onun sözlərinə görə, Nvidia-nın mikrosxemlərin layihələndirilməsində qazandığı uğurlardan ruhlanan investorlar əvvəlcə bu çiplərin istehsalında Tayvanın TSMC şirkətinin nə qədər vacib rol oynadığını anlayıblar. “Daha sonra onlar belə bir sual verməyə başladılar: TSMC bu çipləri necə istehsal edir? Məlum oldu ki, bunun üçün EUV qurğuları tələb olunur. Həmin vaxt hamı başa düşdü ki, dünyada belə qurğuları yalnız bir şirkət, ASML istehsal edir”.

Qlobal rəqabət şəraitində dünya necə yol verdi ki, Niderlandın kiçik şəhərində yerləşən yeganə şirkət məlumat mərkəzləri üçün ərazi və elektrik enerjisi çatışmazlığı ilə yanaşı, süni intellekt sənayesinin daha bir kritik nöqtəsinə çevrilsin? “Bütün məsələ texnologiyanın inanılmaz dərəcədə mürəkkəb olmasındadır”, Fuke cavab verir.

Dəyəri 400 milyon dollar olan EUV qurğusunun heyrətamiz fiziki iş prinsiplərini xatırlayıram. İki mərtəbəli avtobus ölçüsündə olan bu aparat güzgülərdən, lazerlərdən və qısa dalğalı şüalanmadan ibarət sistem vasitəsilə saniyədə 60 min ərimiş qalay damcısını hədəfə alaraq silisium lövhələrin üzərinə sxemlər həkk edir. “Müştərilərimiz dəfələrlə düşünüblər: ‘Yalnız bir təchizatçıdan asılı olmaq təhlükəsizdirmi?’ Əlbəttə, hər zaman ‘alternativ tapacağam’ demək olar. Lakin bunun üçün tələb olunan bilik, sərmayə və zamanın miqyası sadəcə nəhəngdir”.

Bu səbəbdən etimad həlledici əhəmiyyət daşıyır. “Bizim gəlirimiz bütün sektorun gəliri ilə birlikdə artacaq, lakin mövqeyimizdən sui-istifadə etmək niyyətində deyilik”. Fuke etiraf edir ki, bu məsələ ilə bağlı səhmdarlarla söhbətlər bəzən asan keçmir. Onlar şirkətin mənfəət marjasını artırmasını, balansına daha çox borc daxil etməsini, sərmayələri sürətləndirərək gəlirliliyi yüksəltməsini istəyirlər.

“Bu sual hər gün səslənir. Amma məsələ pulda deyil, işin gözəlliyi də bundadır. Bir neçə milyard sərmayə yatırıb istehsal gücünü əlavə 20 faiz artırmaq mümkün olsaydı, bunu edərdim. Lakin təchizat zəncirinə görə hər şey xeyli mürəkkəbdir”.

ASML-in təchizat zənciri özünəməxsusdur. Adi sənaye məhsulunun istehsalında bir neçə onlarla təchizatçı iştirak edə bilər. ASML-in EUV qurğusu isə 200 əsas təchizatçıdan alınan 100 mindən çox detalı özündə birləşdirir. Ümumilikdə prosesdə 2 min şirkət iştirak edir. Fukenin sözlərinə görə, bu, istehsalı sürətlə artırmaq imkanını məhdudlaşdıra bilər. Bununla belə, elm mürəkkəbləşdikcə məhz bu yanaşma şirkətin uğurunun əsas amilinə çevrilib. “Məhsullarımız nə qədər mürəkkəbləşirdisə, rəqabət qabiliyyəti baxımından üstünlüklərimiz də bir o qədər artırdı. Biz istənilən rəqibdən daha sürətlə inkişaf edə bilirdik”.

ASML hər şeyi özü istehsal etməyə çalışmaq əvəzinə, hər bir komponentin hazırlanmasını həmin sahədə ən yaxşı olan istehsalçıya həvalə edir. Optikanı Zeiss, lazerləri Trumpf, mexatronikanı isə VDL hazırlayır. Bu yanaşma rəqiblərin, ilk növbədə əvvəlki nəslə aid dərin ultrabənövşəyi litoqrafiya, yəni DUV texnologiyası səviyyəsində qalan Yaponiyanın Nikon və Canon şirkətlərinin həll edə bilmədiyi problemləri aradan qaldırmağa kömək edib. “Nəticə əldə etmək üçün bizə həqiqətən də dünyanın ən yaxşı şirkətləri lazım idi. Əminliklə deyə bilərəm ki, EUV ilə bağlı hər şeyi özümüz hazırlamağa çalışsaydıq, uğur qazana bilməzdik”.

Bəzən təchizatçılar həssas vəziyyətə düşəndə ASML istehsalı qorumaq üçün onları satın alıb. Lazer istehsalçısı Cymer-in 2013-cü ildə alınması buna nümunədir. ASML bu yaxınlarda Fransanın süni intellekt startapı Mistral-ın səhmlərinin 11 faizini də əldə edib. Bununla belə, şirkət adətən satınalmalara deyil, əməkdaşlığa üstünlük verir.

Lakin ciddi bir problem var: ABŞ hökuməti. EUV texnologiyalarının Çinə ixracına qoyulan qadağa ASML-i həcminə görə yalnız ABŞ-dan geri qalan Çin süni intellekt bazarında ən qabaqcıl və ən gəlirli məhsullarını satmaq imkanından məhrum edir. Prezident Donald Trampın ASML üzərində birbaşa hüquqi səlahiyyəti yoxdur. Üstəlik, o, Nvidia-ya qarşı daha yumşaq davranır. Nvidia-ya EUV qurğularında istehsal edilmiş öz çiplərini Çində satmağa icazə verilir. Buna baxmayaraq, ABŞ Avropa İttifaqına və Niderland hökumətinə təzyiq göstərərək ASML-ə qarşı embarqo tətbiq edilməsinə nail olub. Bu vəziyyət şirkətdə açıq narazılıq doğurur.

“Biz başa düşürük ki, bəzi texnologiyalara çıxış tamamilə aydın və qanuni səbəblərlə məhdudlaşdırıla bilər. Lakin həddindən artıq irəli gedilsə, nəticə ilkin məqsədin tam əksi olacaq”, Fuke bildirir.

Başqa sözlə, Çin öz alternativlərini yaratmaq üçün güclü stimul əldə edəcək. Məsələn, Huawei artıq yerli DUV qurğularının hazırlanmasında əsas hərəkətverici qüvvəyə çevrilib. “Həddindən artıq qadağalar çıxılmaz vəziyyət yaradır”, Fuke əvvəlki yumşaqlığını itirərək sözünə davam edir. “Belə bir vəziyyətdə öz tədqiqatlarını sürətləndirmək üçün böyük həvəs yaranır. Bu isə müəyyən mərhələdə güclü rəqiblərin meydana çıxmasına səbəb ola bilər”. Belə çıxır ki, bu, onun birbaşa Trampa ünvanladığı mesajdır?

“Bu, Trampa mesaj deyil. Bu, belə qərarlar qəbul edən hər kəsə ünvanlanmış mesajdır”, o, açıq şəkildə cavab verir. “Düşünürəm ki, Çinə nəyin ixrac edilib-edilməməsinə Niderland hökuməti özü qərar verir. Buna görə də bu, ilk növbədə Niderland hökumətinə və Avropa İttifaqına ünvanlanmış mesajdır”.

Biz hələ ən çox təkrarlanan sualı müzakirə etməmişik: süni intellekt və bununla birlikdə EUV qurğularına, eləcə də onun əsasını təşkil edən digər texnologiyalara tələbat partlamağa hazır olan köpükdürmü?

Fuke bazarların narahat olduğunu etiraf edir. Lakin bunun qısamüddətli yüksəliş olmadığını vurğulayır. Süni intellekt “inqilabı” uzun müddət davam edəcək. “Süni intellektin cəmiyyətə və sənayeyə təsiri qarşıdakı 10-15 il ərzində inkişaf edəcək. Biz aysberqin yalnız görünən hissəsini görürük”.

ASML EUV texnologiyasının da oxşar müddət ərzində inkişaf edəcəyinə əmindir. Tranzistor sxemləri bir-birinin üzərində yerləşdiriləcək. İşığın daha dəqiq fokuslanması üçün güzgülərin aperturası genişləndiriləcək.

Fuke özünü təsadüfən rəhbər olmuş biri kimi təsvir edir. O, sadəcə sektorla birlikdə inkişaf edən yarımkeçiricilər üzrə mühəndisdir. Qrenobl və Londonda təhsil aldıqdan sonra İsrail və ABŞ-da işləyib. ASML-ə 18 il əvvəl qoşulub, iki il əvvəl isə şirkətin rəhbəri olub. Həmkarlarından biri etiraf edir ki, şirkətin idarəçiliyini maliyyə menecerinin deyil, yenidən fizikin öz üzərinə götürməsi komandaya nəzərəçarpacaq rahatlıq gətirib.

Hazırda onu ən çox hansı texnologiyalar cəlb edir? “Bir neçə ildən sonra humanoidlər aramızda olacaq”, o deyir. “Biz bu dövrün yalnız başlanğıcındayıq. Onlar hamının nifrət etdiyi işlərin bir hissəsini, məsələn, bağda işləməyi və ya qabyuyan maşını boşaltmağı yerinə yetirəcəklər”. O, bir çox insanın bağ işi ilə məşğul olmağı sevdiyinə dair etirazımı qulaqardına vurur.

Bəs həqiqətən inqilabi ixtiralar necə? Fuke “kosmik texnologiyalar”ın telekommunikasiya və enerji istehsalını necə kökündən dəyişə biləcəyi barədə həvəslə danışır. Məsələn, o, nüvə sintezinin nəhayət kommersiya tətbiqinə yaxınlaşdığına inanırmı? Hazırlanması 20 illik zəhmət tələb edən EUV kimi yenilikçi texnologiyanın yaradılmasında ASML-in uğurundan öyrəniləcək bir şey varmı? “EUV məsələsində ASML anlayırdı ki, bu texnologiyaya mütləq ehtiyac yaranacaq. Buna görə də bütün gücünü bu işə yönəltdi, hətta müəyyən mərhələdə nəticə naminə şirkətin özünü riskə atdı”, Fuke izah edir. “Bəzi digər texnologiyalar, məsələn, nüvə sintezi ilə bağlı belə bir əminliyin olub-olmadığını bilmirəm. Müəyyən mərhələdə bunun son dərəcə vacib olduğuna və mütləq həyata keçirilməli olduğuna inanan insanlar lazımdır”. “200 nəfərin və ya 200 şirkətin” resursları səmərəsiz şəkildə sərf etməsi əvəzinə, bütün diqqəti fanatikcəsinə bir məqsədə yönəltmək lazımdır. “Texnologiyada təmərküzləşmə vacibdir”.

Bütün bu ciddi söhbətdən sonra ASML rəhbərinin süni intellekt inqilabının ön cəbhəsində dayanan şirkəti idarə etməyi altı uşaq atası olmaqla necə uzlaşdırdığı mənə maraqlıdır. Fukenin cavabı elmdən uzaq olduğu qədər də səmimidir. “Uşaqlara yük kimi baxmaq olar”, o deyir. “Amma onlar məni həmişə daha güclü ediblər. Ailəmlə keçirdiyim vaxt, bu ofisdən kənarda olduğum müddət tarazlığımı bərpa etməyimin yoludur. Bu, mənə sevinc gətirir. İşə sevinclə gəlmək isə sevincsiz gəlməkdən qat-qat yaxşıdır”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər