16 C
Baku
Saturday, April 20, 2024

Bu şəxslər üçün viza proseduru sadələşdirildi – SƏRƏNCAM

Prezident İlham Əliyev “2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncam verib.

Sərəncama əsasən, müəyyən edilib ki, 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının (2022 FİFA Dünya Kuboku) keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən və bu Sərəncamda göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il noyabrın 20-dən dekabrın 20-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

– 2022 FİFA Dünya Kubokunun beynəlxalq təşkilatçıları olan “Q22” Şirkətinin və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

– futbol komandaları 2022 FİFA Dünya Kubokunda iştirak edən ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi:

– Bu Sərəncamda müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Q22” Şirkətinə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli;

– bu Sərəncamla müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti bu Sərəncamda müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat verməlidir. Dövlət Turizm Agentliyinə 2022 FİFA Dünya Kubokunun təşkili və keçirilməsi ilə bağlı Qətər Dövlətinə səfər edəcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına qısamüddətli turizm səfərlərinin təşviq edilməsi ilə əlaqədar ölkə xaricində marketinq kampaniyalarının təşkilini, aidiyyəti strukturlarla əlaqələrin qurulmasını və müvafiq tədbirlərin keçirilməsini təmin etmək tapşırılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər