Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.
Bu dəyişiklik 186 nəfəri əhatə edəcək və illik əlavə maliyyə yükü 112 min manat olacaq.
Belə ki, mövcud qanunvericiliyə görə, əlilliyi olan hərbi qulluqçulardan xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müvafiq təminat xərcliyinin – 60 faizi, orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 55 faizi, orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 35 faizi miqdarı həcmində əmək pensiyası ödənilir. Göründüyü kimi, digər dərəcələr arasında 20 faiz fərq olduğu halda, orqanizmin funksiyalarının 61 – 80 faiz və 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında cəmi 5 faiz fərq mövcuddur. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, müvafiq təminat xərcliyinin 100 faizi, 61 – 80 faiz pozulmasına görə 80 faizi həcmində əmək pensiyası ödənilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.