-1 C
Baku
Sunday, December 15, 2024

Mülki aviasiya istismarçısı sertifikatına malik olan aviaşirkətlərə hava daşımalarını həyata keçirmək hüququ verildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda hava daşımalarının təşkili sisteminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarının həyata keçirilməsi üçün müqavilələrin rəsmiləşdirilməsi, sənədlərin tərtib edilməsi yollarını, həmçinin sərnişin, baqaj və yük daşımalarını həyata keçirmək hüququna malik olan aviaşirkətlər (daşıyıcılar) və bu prosesə cəlb olunan Azərbaycan Respublikasının digər mülki aviasiya obyektləri üçün tələbləri müəyyən edir.

Müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı — Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən verilən və qüvvədə olan mülki aviasiya istismarçısı sertifikatına malik olan aviaşirkətlərə bu sənəddə qeyd olunmuş şərtlərə uyğun hava daşımalarını həyata keçirmək hüququ verilir.

İndiyədək razılığa gələn dövlətlər arasında bağlanan hökumətlərarası sazişlərə əsasən müəyyən edilmiş marşrutlarda sərnişin, baqaj və yük daşımalarını tərəflərin mülki aviasiya administrasiyalarının təyin etdikləri aviaşirkətlər həyata keçirirdi.

Dəyişikliyə əsasən razılığa gələn dövlətlər arasında bağlanan hökumətlərarası sazişlərə əsasən müəyyən edilmiş marşrutlarda sərnişin, baqaj və yük daşımalarını tərəflərin aidiyyatı qurumlarının təyin etdikləri aviaşirkətlər həyata keçirəcək.

Daşıyıcının qaydaları ilə müəyyən edilmiş hallarda ödənilməli olan əlavə məbləğin yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxslər, habelə sərnişinlər tərəfindən daşıyıcıya ödənildiyini təsdiq etmək üçün daşıyıcı aşağıdakıları təqdim edir:

müxtəlif yığımlar qəbzi (order) — hava daşıması haqqında müqavilənin dəyişdirilməsi, xidmət göstərilməsi, habelə cərimələrin ödənilməsi ilə əlaqədar yığım və ödənişlər sərnişin, yükgöndərən və ya yükalan tərəfindən ödənilərkən;

pullu baqaj qəbzi — müəyyən edilmiş pulsuz daşıma normasından artıq baqaj üçün sərnişin tərəfindən ödəniş aparılarkən.

Daşıma və ödəniş sənədlərinin formaları və onların tətbiqinə dair təlimatlar qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlərin standart nümunələri və onların tətbiq olunması üzrə ümumi qaydalara əsasən aviaşirkət (daşıyıcı) tərəfindən müəyyən edilir.

Son xəbərlər
Digər xəbərlər