Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi ilə bağlı qaydada dəyişiklik edib.
Banker.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi Kollegiyası 15 noyabr 2021-ci il tarixdə qərar qəbul edib və sənədi nazir Mikayıl Cabbarov imzalayıb.
Buna qədər, İN yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qaydalara əsasən icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun ödəniş sifarişini cari ayın 20-dək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim etməli idi. Bundan sonra təqdim etmək birbaşa İqtisadiyyat Nazirlinin səlahiyyətində olacaq.
Əvvəl, Dövlət Xəzinədarlıq Agentliyi 2 bank günü ərzində bu uyğun olaraq təqdim edilmiş ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin un istehsalçılarının bank hesablarına köçürülməsini həyata keçirirdi. Yeni qaydaya əsasən bu, Agentlikdən birbaşa iki günə İqtisadiyyat Nazirliyinin hesabına köçürüləcək.
Bundan əlavə yeni qayda əlavə edilərək, İqtisadiyyat Nazirliyi də 2 bank günü ərzində ayrılmış subsidiya məbləğlərinin un istehsalçılarının bank hesablarına köçürülməsini həyata keçirəcək.