“QR bilet ödəmə sisteminin tətbiqi ilə bağlı mövcud ödəniş aparatları, turniketlər uyğunlaşdırılmalı və ya ona uyğun quraşdırılmalıdır. 2019-cu ildə əsas işlər, demək olar ki, yekunlaşdırılıb. 2020-ci ildə iki stansiyada texniki sınaq işləri də uğurla aparılıb. Lakin pandemiya dövründə obyektiv səbəblərdən işlər təxirə salındı”.
Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib. O qeyd edib ki, bu, kifayət qədər texniki araşdırma tələb edir. Çünki burada risk yerüstü və digər nəqliyyat növlərindən daha çoxdur. Onun sözlərinə görə, əsas stansiyalara gün ərzində on minlərlə sərnişin daxil olur:
“Bir stansiyada bir turniketdə problemin yaşanması yetər ki, böyük narazılıq yaransın. Buna görə bu məsələdə tələskənliyə yol vermək olmaz. Üstəlik, metropolitendə olan turniketlər də bir neçə sistemi əhatə edir və texniki cəhətdən fərqlənir”.
Hidayət Məmmədov əlavə edib ki, Bənövşəyi xətdə işlər davam edir, Yaşıl və Qırmızı xətlərdə isə mərhələ ilə bu sistemin tətbiqinə başlanılıb.
“Tələsməməyimizin əsas səbəbi mümkün texniki natamamlığın olmamasıdır. Təsəvvür edin ki, sərnişini sıx olan stansiyalarda kiçik bir problemin olması yetər ki, sərnişin narazılığı və ümumən, bu sistemə münasibət mənfi olaraq formalaşsın. Şəhər nəqliyyat sistemində bu layihəni həyata keçirən icraçı təşkilat əsas işləri bu il tamamlayacaq. Gələn ilin ilk rübündə bütün stansiyalarda olan ümumən 500-dən artıq turniketdə QR bilet sistemi tam tətbiq olunacaq. Bundan əlavə, artıq digər münasib ödəmə üsullarının tətbiqi də reallıqdır. Gələn il bu istiqamətdə də xəbərləri eşidəcəksiniz. Bunun üzərində fəal iş aparılır”, -deyə “Bakı Metropoliteni”QSC-nin sədr müavini bildirib.