Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda bir sıra şəxslərin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb. Belə ki, S.Müslümovun dövründə yüksək vəzifələrdə çalışmış bir sıra şəxslər ifadə vermək üçün məhkəməyə dəvət olunsa da, onlar uzun müddətdir, məhkəmədən yayınırlar. Buna görə də hakim aşağıdakı şəxslərin məhkəməyə məcbur gətirilməsi barədə müvafiq polis şöbələrinə məktublar göndərib:
– ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov
– ƏƏSMN-in Təchizat şöbəsinin müdiri Səadət Baxışəliyeva
– DSMF-nin Ağdam, Astara, Qax, Yevlax, Şirvan və Sumqayıt üzrə şöbə müdirləri
Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.