12 C
Baku
Wednesday, December 10, 2025

Büdcə müzakirələri: Fraqmental məsələlər şişirdilir, vacib nüanslar və çağırışlar diqqətdən kənarda qalır

2026-cı ilin Azərbaycan Respublikasının Dövlət Büdcəsi III oxunuşda qəbul edilib.

Büdcə müzakirələrini izlədikdən sonra gəldiyim nəticələri əks etdirmək istərdim:

– Büdcənin gəlirlər və xərclər hissəsinin fəlsəfələri tam fərqlidir;

– Fiskal siyasətə və büdcədə hər bir bənd üzrə göstəricilərə fərqli və daha çox orta və uzunmüddətli baxışın ortaya qoyulmasına daha çox ehtiyac var;

– büdcənin gəlir və xərclər hissəsində hər bir bəndin alt bəndlərini, alt göstəricilərini təhlil etmədən həmin bənd haqqında fikir yürütmək subyektivliyə səbəb olur;

– büdcənin hər bir bəndinin keçən ilə nisbətən bu qədər azalması və ya artmasını bəzən eyforiya, bəzən ajiotaj, bəzən fəlakət senariləri ilə təqdim etmək yanlış nəticələr çıxartmağa səbəb olur. İnflyasiya kimi makroiqtisadi göstəricilər, həmin bəndin səbəb-nəticə prizmasından təhlili bir çox hallarda arxa plana keçir;

– fundamental təkliflərdən daha çox fraqmental təkliflər səsləndirilir;

– büdcənin ayrı-ayrı bəndlərinin icralarında görülən real çətinliklərə, çağırışlara az toxunulur, hansı məsələ və çağırışların hansı yollarla həllərinin növbəti illərin büdcələrinin daha səmərəli icrası üçün vacib olması ilə bağlı irəli sürülən təkliflər çox az olur;

– qeyd etdiyim amillər səbəbindən ayrı-ayrı fraqmental məsələlər şişirdilir, vacib nüanslar və çağırışlar isə diqqətdən kənarda qalır, arxa plana keçir.

Çox qısa yazmaq üçün qeyd etdiklərimlə kifayətlənərək əsas nəticəyə keçmək istərdim:

– maliyyə savadlılığının çox aşağı olması məyuseidici, bir o qədər də narahatedicidir. Sadə primitive nümunə. Səmərəlilik, optimallaşdırma və qənaət kimi terminlərin ciddi və dərin fərqlərini, mənalarını bilmədən onları bir-birinə qarışdırırıq, sinonimlər kimi yeri gəldi gəlmədi istifadə edirik. Nəticədə, yanlış polemika və dialoqlar meydana çıxır, özümüzü və cəmiyyəti yanlış yönləndiririk! Vaxtilə monetar siyasətlə bağlı yaşanan vəziyyət (ölkəmizdə dollarla depozit cəlbini və kreditləri qadağan edək (hansı optimallaşdırma, rasional yanaşmaların tətbiqi deyil, məhz qadağan edilməsi), devalvasiyanın olmaması da mümkün idi kimi absurd fikirlərlə yanaşı tədiyə və ticarət balansları sinonim hesab edib eyni mənada istifadə edilir, bir çox monetar siyasət terminləri səhv salınırdı. Təəssüf ki, bu sahədə 10 ildən çoxdur maarifləndirmə getsə də, yenə eyni səhvlər bir çox hallarda təkrarlanır) bu gün fiskal siyasətlə bağlı müşahidə edilir;

– monetar siyasət, bankçılıq kimi sahələri bilməyənlərin bunlar haqqında danışması ciddi yanlış fikirlər formalaşdırdığı kimi fiskal siyasətlə də bağlı bu sahə haqqında kifayət qədər bilikləri olmayan şəxslərin danışması lüzumsuz polemika və vaxt itkilərinə səbəb olur;

– büdcə siyasətində uçot, hesabat fərqli istiqamətdir, büdcənin icrasına nəzarət fərqli istiqamətdir, fiskal siyasət isə tamamilə fərqli istiqamətdir;

– təəssüf ki, 2025-ci ilə qədər cəmiyyətlə kommunikasiya, məlumatlandırma, maarifləndirmə minimum səviyyədə (bir çox istiqamətlərdə isə yox səviyyəsində) olduğu üçün bu gün büdcə müzakirələri zamanı müsbət və mənfi tərəfləri, şans və riskləri də əhatə edən obyektiv təhlillərdən daha çox birtərəfli yanaşmaların şahidi oluruq;

– səbəb-nəticə amilini nəzərdən qaçırdığımız üçün bir çox hallarda səsləndirdiyimiz tənqidlərin dəqiq ünvanlarını səhv salırıq. Məsələn, hansısa qurumun səhvi səbəbindən yaranan vəziyyətlə bağı digər bir qurumu tənqid edirik, nəticədə tənqidimizin də, sözümüzün də kəsəri düşür;

Nəticə etibarilə, bizim fiskal siyasət, onun mahiyyəti və əslində geniş əhatə dairəsi ilə bağlı ciddi maariflənməyə ehtiyacımız var. Bu maariflənmə olmadan ağı qaradan seçməyimizdə bir çox çətinliklərlə üzləşəcəyik!

Haşiyə: Ən çox sevdiyim hobbilərdən biri ABŞ Konqresində təyin olunacaq və ya hazırda vəzifədə olan nazirlərin (onlarda secretary adlanır) və yaxud iri korporasiyaların rəhbərlərini dinləmələr zamanı konqresmenlərin səsləndirdikləri faktlar, qoyduqları fundamental məsələlər, verdikləri sualların çəkisi və onların təhlilidir. Təhlillərlə bağlı öyrənəcəyimiz çox məsələlər var. Maneralar, şəxslərin deyil, proseslərin, çağırışların, göstəricilərin hərtərəfli təhlili, məlumatlılıq, hətta ən sərt mövqe nümayiş etdirdikləri şəxslərə qarşı üslub və ifadələrdə sayğısızlığa yol verilməməsi və sair. Yəni, qarşınızdakına nəyinsə yanlış olduğunu isbat etmək istəyirsinizsə onun şəxsiyyətinə hörməti saxlamaqla bunu faktlarla və məntiqlə ifadə edirsiniz. Biz bir çox hallarda nəyinsə doğru olmadığını demək istəyirik, lakin onu ifadə etməkdə fakt, təhlil və məntiq cəhətdən çətinlik çəkdiyimiz üçün yaranan aqressiyanı qarşımızdakı şəxsə yönəldirik! Harvardın danışıqların aparılması ilə bağlı 4 təməl qaydasından birini xatırladım: Danışıqlar apararkən qarşınızdakı şəxsin kimliyinə deyil, danışıq predmeti olan mövzuya fokuslanın! Coğrafi cəhətdən yerləşdiyimiz məkanın verdiyi çılğınlıq bəzən bizə bu prinsipi həyata keçirməyə mane olur…

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər