21 C
Baku
Thursday, October 9, 2025

Büdcə profisiti: Səbəbləri və verdiyi əsas siqnallar

2025-ci ilin ilk 9 ayı üzrə dövlət büdcəsinin icrasında 4,5 milyard manat profisit göstəricisi ilə bağlı mətbuatdan daxil olan sorğular və açıqlama xahişləri nəzərə alaraq bu mövzuya dair fikirlərimi bölüşmək istərdim. 4.5 milyard manat profisit hansı hallarda narahatlıq yarada, hansı hallarda normal hesab edilə bilər fikrini ifadə etməzdən əvvəl həmin profisitin mənbə və istiqamətlərinə baxmaq lazımdır:
– Gəlir proqnozu: 28.5 milyard manat, icra 29.1 milyard manat, fərq +0.6 milyard manat;
– xərc proqnozu: 27.1 milyard manat, icra 24,7 milyard manat, fərq +2.4 milyard manat;
– sərbəst qalıqdan əlavə profisit: +1,4 milyard manat.
Nəticədə 4.5 milyard manat (təqdim etdiyim statistik göstəricilər onda birə qədər yuvarlaqlaşdırıldığı üçün fərq 4.4 milyard manat görünür) büdcə profisiti yaranmışdır.
Deməli, büdcə profisitinin yaranma səbəbi 4.5 milyard manat az vəsaitin xərclənməsi olmamışdır. 4.5 milyard manat 3 komponentdən ibarətdir və heç də bütün rəqəm xərclərin az olması deyil. İndi isə icra göstəricilərini qısaca təhlil edək.
9 aylıq icrada gəlir profisitinin cəmi +0.7 milyon manat olması (proqnoza nisbətdə 2.1 faiz çox) normal göstəricidir. Nəinki 9 aylıq (yəni dövrün sonunda deyil) hətta 12 aylıq (yəni dövr sonunda) büdcə icrası üçün bu yayınma tamamilə normal hesab olunur.
Xərc proqnozunda isə icra 2.4 milyard manat aşağı olmuşdur ki, bu da 8.8% yayınmadır. Bu yayınma 12 aylıq (yəni dövr sonunda) büdcə icrası üçün olsaydı, ciddi təhlillərə ehtiyac olardı. Lakin, 9 aylıq göstəricilərdə xərc icrasında cəmi 8.8% yayınma anormal hesab olunmur, çünki xərclərin icrasında (satınalmalar, müəyyən infrastruktur layihələrin icrası və sair) müəyyən gecikmələr və ya sürüşmələr baş verə bilər ki, bu da təkcə ölkəmiz üçün deyil, dünya ölkələri üçün xarakterikdir.
Məsələyə müxtəlif prizmalardan baxışı təmin etmək üçün daha bir önəmli suala cavab axtaraq. Hətta 9 aylıq nəticələrə görə xərclərin hansı hallarda icra olunmaması dövlət üçün ciddi həyəcan siqnalı hesab oluna bilər?
1) Əmək haqları, pensiya, müavinət, təqaüdlərin verilməməsi və gecikdirilməsi (2025-ci ildə belə bir halın baş vermədiyini məncə hər birimiz təsdiq edə bilərik);
2) Dövlətin təhlükəsizliyi, ordu, silah alışları və sair bu kimi istiqamətlərdə vəsaitlərin ayrılmaması (belə bir halın baş vermə ehtimalı sıfıra bərabərdir);
3) Bütün müvafiq prosedurları bitmiş, təsdiqlənmiş, həyata keçirilmə tarixi müəyyən olunmuş iqtisadi və infrastruktur layihələrə vəsaitlərin ayrılmaması (bu tip layihələrə də vəsaitlərin ayrılmaması ümumiyyətlə məntiqsiz olardı və nəzərə alsaq ki, söhbət dövlətin layihələrindən gedir, burada əslində ehtimal yenə sıfıra bərabərdir).
O halda sual oluna bilər ki, 2.4 milyard manat az xərcləmə nəyin hesabına olmuşdur? Büdcə ilə bağlı son aylarda 2 böyük məqalə yazmışam. Həmin məqalələri oxuyanlar bilirlər ki, mən orada əslində büdcədə profisit formalaşacağı ilə bağlı ehtimallarımı səsləndirmiş və səbəblərini qeyd etmişdim. Təkrara yol vermədən qeyd etmək istərdim ki, həmin ehtimallar da özünü doğrultdu.
Mən hələ burada 3-cü rüb ərzində (iyun-avqust) iqtisadi aktivliyin aşağı düşməsi, bütün dünyada olduğu kimi ölkəmizdə də ən aktiv rübün məhz 4-cü rüb olması (bəzi hallarda 2-ci rüb 4-cü rübdən nisbətən daha aktiv ola bilər, lakin bu istisna hallarında baş verir) kimi nüanslara toxunmuram.
Bu hissədə yenə də özüm-özümə opponentlik edəcəm. Əgər büdcədə gəlir və xərclərdə yayınmalar varsa, deməli düzgün proqnozlaşdırma olmayıb?
Əvvəla, qeyd etdiyimiz kimi söhbət 12 ayın nəticələrindən getmir, 9 ayın nəticələrindən gedir. Yəni, hər bir büdcədə gəlir və xərclərdə, xüsusilə xərclərdə qeyd etdiyim bürokratik amillər, proses və prosedurlar, məsələlərə daha ehtiyatlı yanaşmalar və sair səbəblərdən xərcləmələrin növbəti aylara, rübə keçməsi təbii prosesdir. Buna xərclərin sürüşməsi də deyə bilərik. Fiskal siyasəti bilənlər təsdiq edərlər ki, bu dünyanın bir çox ölkələrində büdcə icraları üçün xarakterik haldır.
İkincisi, yayınmalar nə qədər olub? Gördüyümüz kimi, gəlirlərdə yayınmalar cəmi 2.1%, xərclərdə isə 8.8% olub. Ümumiyyətlə, bütün dünyada maliyyə hesabatlarında proqnoz və icra arasında 5%-ə qədər yayınmalar normal qəbul edilir. Dövr ortalarında isə bu məsələ ümumiyyətlə müzakirə mövzusu olmur. Dövr sonunda 5-10% arasında (profisitlə bağlı) yayınmalar sarı xətdir, səbəblərinə baxılır, ciddi təhlil olunur. Defisitlə bağlı bu qədər yayınma maliyyə təhlükəsizliyi üçün ciddi hədə hesab olunar. Bizdə də söhbət profisitdən getdiyi üçün hər hansı hədədən söhbət getmir. Xüsusilə də dövr bitmədən. Dövr ortasında bu yayınmalar xərclərlə bağlıdırsa (gəlirlərdə digər yanaşmalar olur) o halda səbəbləri xərclərin sürüşməsidirsə yenə də hər hansı ciddi həyəcan siqnalı verilmir. Yəni, gəlirlərdə yayınmalara münasibət və yanaşma fərqlidir, xərclərdə fərqlidir, profisit və defisit məsələlərində də fərqlidir.
Bu məsələni təhlil etmədən, mahiyyətinə və dərinliyinə getmədən bu qədər şişirtmə və ajiotajın özü də anlaşılan deyil. Əvvəla, büdcədə kəsir yox, profisit yaranıb. İkincisi, bütün dünyada əsas büdcə icraları məhz 4-cü rübə təsadüf etdiyini fiskal siyasət biliciləri yaxşı anlayır (proqnozlara baxmayaraq icra zamanı dövlətlər həmişə il sonuna müəyyən ehtiyat tədarük edir. Hər hansı fövqəladə hal, müharibə, təbii fəlakət, nəzərdə tutulmayan böyük xərclər meydana gələrsə il sonunda ehtiyatlar olmasa bunların vaxtında aradan qaldırılması üçün tələb olunan likvidlik çatışmazlığı likvidlik risklərini ikiqat artırar). Üçüncüsü, profisitin formalaşması faktı, komponentləri, mənbələrindən əlavə zaman məsələsini, yəni profisit dövr sonunda, yoxsa dövrün ortasında (dövr bitməmiş) formalaşmasına da diqqət yetirmək vacibdir. Dördüncüsü, analitik təhlilin əsas komponentlərindən biri də köklü səbəbin tapılması prinsipidir. Profisitin xərclərin sürüşməsi, əsas icraların dördüncü rübə keçməsinin köklü səbəb olduğunu nəzərə almadan müxtəlif ehtimal və versiyaların səsləndirilməsi doğru olmaz. Nəhayət, beşincisi Maliyyə Nazirliyi büdcə vəsaitlərindən səmərəli istifadə edərək (bu barədə öncəki 2 məqaləmdə yazdığım üçün təkrara yol vermək istəmirəm) büdcə vəsaitlərinin il ərzindəki inflyasiyanın təsirinə məruz qalmasını minimallaşdırırsa, büdcə xərcləmələrinə yoxlama və nəzarət mexanizmlərini artırırsa, hamısında deyil, amma bir çox qurumlarda xərcləmə xatirinə xərcləmə yanaşmasını səmərəli xərcləmə yanaşması əvəz edirsə, nəticədə büdcə profisiti formalaşırsa bu azalması gözlənilən neft qiymətləri fonunda 2026-cı ilin dövlət büdcəsi ilə bağlı optimist fikirlərin formalaşmasına yardım edən amillərdir. Məhz bunlar isə məqalənin başlığında qeyd etdiyim əsas siqnallardır.
Növbəti mərhələlərdə Maliyyə Nazirliyinin iki amilə, büdcə geridönüşlərinə nəzarət və fiskal siyasətin monetar siyasətlə sinxron şəkildə iqtisadi genişlənməyə dəstək verəcək genişlənmə siyasətini 2026-cı ildə özünün prioritet istiqamətlərinə əlavə edəcəyini düşünürəm. Genişləndirici siyasət dedikdə isə, burada büdcə xərcləmələrinin artırılması və lüzumsuz xərclərə yol verilməsi deyil, iqtisadi inkişafı şərtləndirən istiqamətlərdə genişləndirici, digər bəzi istiqamətlər üzrə isə daraldıcı siyasət yürüdəcəyini nəzərdə tuturdum. Bu səbəbdən monetar siyasətlə sinxron fikrini vurğuladım.
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert
Son xəbərlər
Digər xəbərlər