13 C
Baku
Friday, April 19, 2024

Büdcə xərclərinin ÜDM-yə nisbəti 38 faizə çatır – nə etməliyik?

Təhlilə başlamazdan öncə bir məsələni qeyd edim ki, Maliyyə Nazirliyi büdcəni təhlil edib və bu təhlili də ictimaiyyətə təqdim edib. Təqdirəlayiqdir. Hazırki təhlil və yanaşmam növbəti illərdə həmin təhlilə əlavə edilməsinin büdcənin daha şəffaf, səmərəli idarə edilməsi baxımından faydalı ola biləcəyi məsələ və yanaşmaları da əhatə edir. Yəni, bu təkliflərin də növbəti təhlillərdə nəzərə alınması həmin təhlilləri daha da gücləndirər və növbəti ilin büdcələrinin daha da səmərəli olmasına töhfə verə bilər.

Bu ilin büdcəsində hansı xərc, hansı gəlir maddələrinin artması, azalması diqqətimi çəkmədi. Əslində rəqəmlər həm nisbidir (işğaldan azad olunmuş rayonların bərpasına ayrılmış 2.2 milyard manatlıq yeni xərc maddəsi və öncəki illərə nisbətən büdcə kəsirinin nominal yüksək yuxarı həddi istisna olmaqla digər maddələrdə ciddi dəyişiklik yoxdur) , həm də bu ilin ortalarında büdcəyə yenidən baxılması ehtimalının yüksək olmasını nəzərə alaraq rəqəmlər dəyişkən ola bilər.

Diqqət yetirdiyim əsas məqamlardan birincisi büdcə xərclərinin ÜDM-yə nisbətinin 38%-ə çatmasıdır. İnanıram ki, büdcə tariximizdə bu ən yüksək hədd olacaq. Çünki, büdcə xərclərinin ÜDM-yə nisbətinin bundan sonra da artması iqtisadiyyatımız üçün müsbət amil və göstərici sayıla bilməz, əksinə həyəcan təbili çalınar. Qeyd edim ki, dünyada inkişaf etmiş və etməkdə olan ölkələrdə (təbii ki, 3-cü dünya ölkələrini nəzərə almıram) bu nisbət ən çox 15-30% arasındadır.

elman sadiqov
Elman Sadıqov, iqtisadçı-ekspert

Pandemiya ilə əlaqədar olaraq istisnalar əlbəttə ki, bu il ola bilər (bizim də büdcədə olduğu kimi). Bu payı azaltmaq deyəndə büdcə xərclərinin azaldılması əlbəttə mümkün deyildir. Ümumiyyətlə, büdcə hər il artmağa məhkumdur. Əks halda iqtisadiyyatda ciddi problemlər yaranar. Artmağa məhkum olduğu üçün də büdcə kəsiri deyilən qaçılmaz amil vardır. Deməli, 2021-ci ildən etibarən əsas hədəf ÜDM-nin artırılması olmalıdır ki, büdcənin ÜDM-də payı nisbətən aşağı düşsün. Bəs büdcədə ÜDM-nin payının yüksək olması nələrin nəticəsidir?

– ÜDM artımı ilə büdcə artımı arasındakı əlaqənin büdcənin xeyrinə arzu olunmasa da, məcburən ciddi şəkildə pozulması;

– ÜDM artımını şərtləndirən amillərin zəifləməsi;

– ÜDM artımı ilə inflyasiya arasındakı əlaqənin pozulması (ÜDM artımı inflyasiyanın altındadır, ya da ÜDM azalmışdır. 2020-ci il ərzində məsələ aydındır, amma illər ərzində inflyasiya və ÜDM artımı arasındakı məcmu nisbət də önəmli rol oynayır);

– Büdcə xərclərinin geri dönüş effektivliyinin zəif olması və sair.

Büdcə ilə bağlı sonuncu amil həmişə aktualdır. İlin əvvəlində ilin iqtisadi yekunlarına dair müşavirədə ölkə Prezidenti belə bir fikir səsləndirmişdi ki, “rayonlara ayrılan vəsaitlərin həmin rayonların iqtisadi inkişafı və əhalinin rifahına təsir səviyyəsi ölçülməlidir”. Bu əslində Keynesçiliyi də xatırladan elmi yanaşma, səmərəliliyi artıran metod kimi də geniş təhlil oluna bilər. Amma təhlil olunmadı. Qısaca olaraq, bu fikri açmağa çalışaq. Rayonlara ayrılan büdcə xərcləri əsasən 2 istiqamətlidir. Sosial xərclər (müavinət, maaş, təqaüd və sair) və investisiya (infrastruktur layihələri və sair). Əsas məsələ investisiya xərclərinin səmərəliliyinin ölçülməsidir. Bu da layihələrin idarə olunması fəlsəfəsinin tərkib hissəsidir. Yəni, investisiya qoyuluşu zamanı tenderi kim uddu, nə qədər əmək haqları ödənildi, materiallar haradan alınır (yerli, xarici) və sair. Həmin vəsaitin hansı hissəsi birbaşa rayon(d)a xərcləndi, hansı hissəsi rayondan çıxdı (tikinti materiallarının alışına və sair). Məsələni çox xırdalamadan bu təhlillərin növbəti büdcə xərcləmələrində böyük faydası olacağını düşünürəm.

Büdcə xərclərinin geri dönüş effektivliyi ümumiyyətlə nə deməkdir? Hər bir xərcin müəyyən hissəsi büdcəyə geri qayıdır. Konkret misal. İşğaldan azad olunan bölgələrin bərpasına 2.2 milyard manat vəsait ayrılıb. Bu vəsaitin hansı hissəsi büdcəyə geri qayıdacaq? Bunun 10%-i də geri qayıda bilər, 20%-i də, 40%-i də və sair. Yəni, orada işləyən işçilər əmək haqqı alırlar və əmək haqlarından sosial təminat fonduna vəsait ödəyirlər, şirkət də həmin fonda vəsait ödəyir. Orada tenderi udan şirkətlər mənfəət vergisi ödəyirlər. Asfalt daxil olmaqla bir çox tikinti materialları ölkədə istehsal olunur.

Materialların alışı zamanı ƏDV ödənilir, xaricdən idxal olunan mallar üçün gömrük rüsumu və yenə ƏDV ödənilir. Yəni, bu ölçmələrin ən son nəticəsi əslində nəyi göstərir? Şəffaflığı. İstənilən sahəyə ayrılan vəsaitlər (sosial paketlərə daxil olan, əmək haqları, təqaüdlər üzrə ölçmə və yanaşma meyarları vardır, amma investisiya xərcləmələrindən fərqlənir) üzrə büdcəyə geri dönüş nə qədər aşağıdırsa sualların sayı da bir o qədər çoxdur. Geri dönüş nə qədər aşağıdırsa, növbəti ilin büdcə gəlirlərində Neft Fondunun payı da, büdcə xərclərinin ÜDM-də payı da çox olacaq. Məhz bu amilləri nəzərə alaraq, növbəti illərdə büdcə təhlillərinə bu təhlillərin də əlavə olunmasının büdcənin səmərəliliyi və ÜDM-nin artımı baxımından (büdcədə geri dönüş faktorunun yüksək olması ÜDM-nin də artımına töhfə verən amillərdəndir) daha da səmərəli və faydalı olacağına inanıram.

*Yazılarımın qısa olmasına çalışdığım üçün geniş və təfsilatlı təhlildən yayınaraq əsas məsələləri vurğulamağa çalışdım.

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekpert

Son xəbərlər
Digər xəbərlər