Azərbaycanda dövlətin buğda və bir sıra bitkilərə birbaşa subsidiya dəstəyi müsbət makroeffektlər yaratmayıb.
Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsində qeyd edilir.
Əkin sahələrinin subsidiya ilə əhatə səviyyəsi genişləndirilsə də, ölkə üzrə statistik məlumatlar 2021-ci ildə müvafiq (buğda, arpa, pambıq, şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkiləri, yonca, üzüm, çay və meyvə) bitkilər üzrə becərilən faktiki 1 mln. 803,6 min hektar sahənin yalnız 68.8%-i subsidiya ilə təmin edilib. Kartof becərilən 56.1 min hektar sahənin yalnız 17.5%- nin subsidiya ilə təmin edilərək əkinlərin bir hissəsinin dövlət dəstəyindən kənarda qaldığını deməyə əsas verib.
Palata bunun da auditlə müəyyən edilən səbəbləri əsasən faktiki istifadədə və ya mülkiyyətdə olan torpaq sahələrinin müvafiq qaydada sənədləşdirilməməsi elektron müraciət reqlamentlərinə tam və ya qismən əməl edilməməsi, eyni zamanda maarifləndirmə işləri ilə prosesin kütləviliyinə nail olunmaması kimi proseslərlə izah edir.
ÖNƏMİ OLAN BUĞDANI QOYUB, ÖNƏMİ AZ OLAN ÇİYƏLƏYİ ARTIRIRLAR
Dövlətin birbaşa subsidiyalaşdırma formasında bitkiçilik sahəsinə dəstəyinin 2019-cu illə müqayisədə 2020-2021-ci illərdə əhəmiyyətli dərəcədə artması (177.5 mln. manata qarşı, müvafiq olaraq 31.5% artaraq 233.4 mln. manata və 45.7% artaraq 258.6 mln. manata çatması) şəraitində subsidiya məbləğləri ilə əhatə olunan əkin sahələrində müəyyən yüksəliş (1201.1 min ha qarşı, müvafiq olaraq 7.3% artaraq 1288.6 min ha və 7.2% artaraq 1287.5 min ha çatması) müşahidə olunub ki, bu da bir o qədər də önəmli olmayan meyvə əkinlərinin 50.7 min ha (97.4 %) və çiyələk əkinlərinin 409.3 ha (87.6%) genişləndirib.
Palata qeyd edir ki, önəmi daha yüksək olan buğda əkinlərinin 89.0 min ha (15.9%), çəltik əkinlərinin 1.1 min ha (38.8%), kartof əkinlərinin 2.5 min ha (20.1%), tərəvəz əkinlərinin 6.9 min ha (43%), bostan bitkiləri əkinlərinin isə 4.9 min ha (47.2%) azalması fonunda baş verib.
Eyni zamanda, ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 2021-ci ildə 572 309 hektar olmaqla 2020-ci illə müqayisədə 16 106 hektar və ya 2.7%, 2019-cu illə müqayisədə 97 711 hektar və ya 14.6% azalmış, istehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 18 mln. 85.4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18.1 min ton və ya 1.0% artsa da, 2019-cu illə müqayisədə 286.1 min ton və ya 13.2% azalmış, buğda idxalının həcmi 2021-ci ildə 1 mln. 148.1 min tona bərabər olmaqla 2019-2020-ci illərlə müqayisədə, müvafiq olaraq 436.9 min ton və 217.0 min ton azalmış, ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda statistik balansı üzrə ehtiyatın qalığı 62.3% azalaraq 01.01.2022-ci il tarixinə 325.7 min ton (eləcə də bütün növ un ehtiyatının qalığı 23.3% azalaraq 359.5 min ton) təşkil edib ki, bu da buğda əkininin subsidiyalaşdırılması üzrə inzibati tənzimlənmələrin 2020-ci və 2021-ci illərdə bu sahədə müsbət makroeffektlər yaratmadığını göstərib.