Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən valyuta satışı həyata keçiriləcək. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. ABŞ dolları çıxarması planlaşdırılır.
Yerli analitika qrupu Report hesab edir ki, bugünkü hərracda tələbin təklifdən az olması ehtimal edilir. Belə olacağı halda, rəsmi məzənnənin 1,50 AZN/USD səviyyəsinə kimi enməsi proqnozlaşdırılır. Nağd valyuta bazarında isə dollar satışının artması alış-satış məzənnəsinin də aşağı enməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, bu həftədən etibarən xarici valyutaya olan tələbatın azalması fonunda AMB valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib. Analitika qrupu hesab edir ki, neft qiymətlərinin yüksəlməsi, pozitiv qlobal iqtisadi konyunktur və yay aylarına doğru turizm mövsümünün başlaması ilə bazarda dollar bolluğu yaranacaq. Belə olduğu halda, AMB valyuta hərraclarının həftəlik sayını hətta 1 dəfəyə endirə bilər.