Kral III Karl öz kiçik qardaşı şahzadə Endrü ilə bağlı titulların, rütbələrin və fəxri adların ləğvi üçün rəsmi proseduru başladıb. Bu barədə məlumatı Bukinhem Sarayı yayıb. Endryu Mountbatten-Vindzor həmçinin “Royal Lodge” iqamətgahını tərk edərək Norfolk qraflığındakı Sandrinheym malikanəsinə köçməli olacaq. Kral ailəsinin bəyanatında vurğulanıb ki, onların rəğbəti “zorakılığın bütün formalarından əziyyət çəkənlər”in tərəfindədir.
65 yaşlı Endrü — kral III Karlın kiçik qardaşı və mərhum kraliça II Yelizavetanın ikinci oğludur. O, oktyabrda öz davranışı və ABŞ-da azyaşlıların cinsi istismarında ittiham edilən maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə York hersoqu titulu da daxil olmaqla digər krallıq adlarından könüllü imtina etmişdi.
Bukinhem Sarayının bəyanatında deyilir: “Şahzadə Endrü bundan sonra Endrü Mountbatten-Vindzor adı ilə tanınacaq.” BBC-nin məlumatına görə, ona Vindzordakı “Royal Lodge” üçün icarə müqaviləsini ləğv edib rezidensiyanı tərk etmək təklifi də verilib. Bildirilir ki, Mountbatten-Vindzor Sandrinheym malikanəsinə köçəcək.
2011-ci ildə Endrü Böyük Britaniyanın ticarət nümayəndəsi vəzifəsindən getməyə məcbur olmuşdu, 2019-cu ildə isə bütün rəsmi krallıq vəzifələrindən uzaqlaşdırılmışdı. 2022-ci ildə o, cinsi zorakılıq ittihamları fonunda hərbi rütbələrindən və krallıq imtiyazlarından məhrum edilmişdi. Həmin il Endrü ABŞ vətəndaşı Virciniya Cuffre ilə məhkəmə çəkişməsini barışıqla həll etmişdi. Cuffre 2025-ci ilin aprelində vəfat edib.


 
                                    





