Xəzərin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz” yatağı istismara veriləndən 01.05.2024 tarixinədək burada 69.9 mlrd. kubmetr qaz hasil olunub.
Bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gaz” neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.
Məlumata görə, hesabat dövründə yataqda 12.4 mln. ton neft (kondensatla birlikdə) hasil olunub.
Qeyd edək ki, “Bulla-dəniz” yatağı Bakı arxipelağının şimal hissəsində, Ələt burnundan 22-23 km, Bulla adasından isə 12-15 km, “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası” yatağından isə 10 km cənub-şərqdə yerləşir. Struktur tektonik cəhətdən şimal-qərb cənub-şərq istqamətinə uzanan eni 9 km, uzunluğu isə 27 km, şimal-şərq qanadda hündürlüyü 1400 metr olan nəhəng braxiantiklinal qırışıqdan ibarətdir.
Burada dənizin dərinliyi 17 metrdən 30 metrə qədər və daha cox dəyişir. Dənizin dibi maili olaraq, cənub-şərq istiqamətində dərinliyə doğru batır. Bu qalxım aparılan seysmik kəşfiyyat işləri nəticəsində 1951-ci ildə aşkar edilib. Yatağın neftlilik-qazlılığı isə 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkarlanıb. Bu quyudan VII horizontun 5203-5190 metr hüdudlarından sınaq vaxtı orta gündəlik 200 ton kondensat və 1 000 000 kubmetr qaz alınıb.