2 C
Baku
Tuesday, February 25, 2025

“Bundesbank” 45 ildə ilk dəfə zərər edib

Almaniyanın ən böyük banklarından biri olan “Bundesbank” Avropa Mərkəzi Bankının (ECB) faiz siyasəti nəticəsində 1979-cu ildən sonra ilk dəfə ötən il rekord məbləğdə – 19,2 milyard avro zərər edib.

Bu barədə bankın prezidenti Yoaxim Nagel Frankfurtda təşkil olunan mətbuat konfransında məlumat verib.

O, bu zərərin qarşıdakı illərdə daha az olacağını proqnozlaşdırdığını bildirib.

ECB-nin davamlı faiz artımları nəticəsində “Bundesbank”ın maliyyə ehtiyatları əhəmiyyətli dərəcədə tükənib və ilin sonunda bankda cəmi 0,7 milyard avro ehtiyat qalıb. Buna baxmayaraq, faiz gəlirlərində azalma az olub. 2023-cü ildə bu azalma 13,9 milyard avro olduğu halda, ötən il bu rəqəm 13,1 milyard avro təşkil edib.

Ənənəvi olaraq, Maliyyə Nazirliyi “Bundesbank”dan büdcəyə illik təxminən 2,5 milyard avro ödəniş gözləsə də, bank ardıcıl beşinci ildir federal büdcəyə vəsait köçürə bilməyəcək. Bank sonuncu dəfə 2019-cu ildə 5,85 milyard avro mənfəət əldə edib ki, bu da maliyyə böhranından sonrakı ən yüksək göstərici olub.

“Bundesbank” sonuncu dəfə 45 il əvvəl – 1979-cu ildə zərər edib. Həmin vaxt bankın zərəri hazırkı hesablamalarla 2,9 milyard avro olub.

Qeyd edək ki, ECB 2022-ci ildən etibarən inflyasiyanı sabit saxlamaq üçün faiz dərəcəsini kəskin şəkildə artırıb, daha sonra isə yenidən endirmişdi. Artan faizlərin “Bundesbank”ın xərclərini artırmasına baxmayaraq, uzunmüddətli istiqrazlardan əldə edilən gəlirlər azalıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər