Bundestaq (Almaniya parlamenti) 2026-cı il üçün dövlət büdcəsini təsdiqləyib. Büdcə xərcləri təxminən 524,5 milyard avro təşkil edəcək ki, bu da cari illə müqayisədə 21,5 milyard avro çoxdur.
Büdcədə Ukraynaya rekord həcmdə – 11,5 milyard avro maliyyə yardımı nəzərdə tutulub.
2026-cı ildə müdafiə büdcəsi təxminən 108 milyard avroya qədər artırılacaq – bu, soyuq müharibənin başa çatmasından bəri ən yüksək göstəricidir. Vəsaitlər, əsasən, hərbi texnika və sursatların alınmasına yönəldiləcək, onların əhəmiyyətli hissəsi kreditlər hesabına maliyyələşdiriləcək.
Ukraynaya yardım üçün ayrılacaq 11,5 milyard avro pilotsuz uçuş aparatlarının, zirehli transportyorların, digər silahların tədarükünə, həmçinin artilleriya ehtiyatlarının artırılmasına sərf olunacaq. Müdafiə Nazirliyi bildirib ki, bu, Almaniyanın indiyədək büdcədə Ukraynaya nəzərdə tutduğu ən böyük yardım paketidir.
Xərclərin maliyyələşdirilməsi üçün yalnız əsas büdcədən təxminən 98 milyard avro borc cəlb olunacaq. Bu məbləğ silahlı qüvvələr və infrastruktur üçün xüsusi fondlardan ayrılan kreditlərlə tamamlanacaq. Beləliklə, ümumi yeni borcun 180 milyard avrodan çox olacağı gözlənilir. Bununla belə, borcun məhdudlaşdırılması rejiminə riayət ediləcək. Bu, yazda qəbul edilən yumşaldıcı tədbirlər sayəsində mümkün olub.







