17 C
Baku
Cümə, May 20, 2022

“Burada, belə desək, “top bizim tərəfdədir”: EBRD və AİB bizə kredit verməyə hazırdır

“Bu gün vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır – biz nə qədər əlavə borc götürəcəyik”.

Banker.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Prezidentin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

O, ölkə başçısına bildirib ki, eyni zamanda, ölkə başçısının bu yaxınlarda imzaladığı Sərəncamla Azərbaycan Respublikasının büdcə qaydası üzrə müəyyən göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri üzrə nisbətlərinin təsdiq edilməsi bizim üçün müəyyən çərçivəni formalaşdırır.

Samir Şərifovun sözlərinə görə, həmin çərçivə əsasında ümumi borclanma növbəti üç il üçün 4.3 milyard manat məbləğində nəzərdə tutulur.

“Yəni, buraya borcun yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət 8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni, bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki, təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub”- deyə, o bildirir.

Maliyyə naziri qeyd edir ki, bizim bugünkü ümumi daxili məhsul üzrə göstəricilərimiz kifayət qədər yüksəkdir. Bu ilin sonuna gözlənilən nəticələr də nəzərə alınmaqla, növbəti illər üzrə İqtisadiyyat Nazirliyi tərəfindən mart ayında bizə artıq yeni ortamüddətli proqnozlar təqdim edilmişdir. Bu proqnozlar nəzərə alınmaqla, hesab edirik ki, borclanma üzrə əlavə imkanlarımız ola bilər.

“Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bizə bu gün kifayət qədər böyük həcmlərdə borc vermək niyyətində olan beynəlxalq qurumlar var. Sizin müəyyən çıxışlarınızdan sonra Avropa İttifaqı artıq 2 milyard avro məbləğində borcun bizə verilməsi barədə niyyətlərini bildirib. Bu borcu iki bank vasitəsilə – Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdırlar. Digər tərəfdən, başqa beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı yenidənqurma işlərində təcrübələri çox olduğuna görə öz kredit xətlərini bizə təklif edirlər. Asiya İnkişaf Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük həcmlərdə borc ayırmağa hazırdırlar. Burada, belə desək, “top bizim tərəfdədir”. Hansı layihələri seçməyimizdən asılı olaraq, Sizin qarşımızda qoyduğunuz borc çərçivəsi daxilində biz bu vəsaitləri cəlb edə bilərik”.

Son xəbərlər
Oxşar xəbərlər