Ötən gün yanıb külə dönmüş “Diqlas” ticarət mərkəzinin idarəçilərindən biri-Araz adlı şəxs bu dəqiqələrdə malları yanan yüzlərlə icarəçinin qarşısına çıxıb.
Həmin şəxs aqressiv icarəçiləri sakitləşdirməyə çalışaraq deyib ki, xaricdə idi. Və təyyarədən düşən kimi birbaşa onların yanına gəlib.
Onun çıxışından məlum olub ki, “Diqlas” ticarət mərkəzinin bir yox, iki sahibi varmış. Ticarət mərkəzinin bir hissəsini Araz, digər hissəsini isə Rasim adlı şəxs idarə edib. Yəni ticarət mərkəzi iki sahibkar arasında bölünüb, amma Araz həmin sahibkarların adlarını açıqlamayıb. Bununla belə çıxışdan məlum olub ki, ticarət mərkəzinin əsl sahibləri Bakıdadır, yəni xaricdə, Londonda-filanda deyil.
“Hadisəni eşidəndə mənim ayaqlarım tutuldu. Sizin malınız yanıb, elə hesab edin mənim evim yanıb. Mən “Diqlas” tikiləndən bəri buradayam, hamınız məni tanıyırsınız. İş elə gətirdi ki, “Diqlas” iki yerə bölündü. Rasim də, mən də idarəçilərik. Sahibləri başqalarıdır, özünüz bilirsiniz. Mən bu gün axşam sahibkarla görüşəcəm, görüm fikri nədir. Ancaq ondan sonra sizə nəsə deyə bilərəm”-bu şəxs bildirib.
“Diqlas”ın bir hissəsinin idarəçisi ticarətçilərə deyib ki, hər deyilənə inanmasınlar. Onlara pul verməyəcəklər. Çünki dövlət deyəcək kimin sığortası varsa sığorta şirkətindən pulunu alsın. “Mənim pulum yoxdu sizə kompensasiya verim, pul verim. Mən heç kiməm, idarəçiyəm, sizlərdən biriyəm. Sahibkarla görüşə gedirəm, görüm nə deyir, nə desə, nə qərar versə gəlib sizlərə çatdıracam. Görsəm ki, heç bir kömək eləmək fikri yoxdu, onda mən də gəlib sizə qoşulacam. Nə desəniz edərik”-Araz deyib.
Bu zaman ticarətçilər ona səsləniblər ki, həmin “böyük sahibkar” özü gəlib malları yanan zərərçəkənlərlə görüşsünlər. Lakin Araz bunun baş verməyəcəyini deyib: “Görüşən olsaydılar indiyə qədər gəlib görüşərdilər də. Görüşməyəcəklər. Mən gedib görüşəcəm, sizin vəziyyətinizi ona çatdıracam, nə qərar verəcək, bilmirəm…”