Mayın 16-da “Buta Airways” lou-kost aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhərinə – Odessaya birbaşa uçuşlara başlayıb.
Odessaya uçuşlar həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Bu istiqamətə də minimal tarif bir tərəfə 29 avro təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında “Büdcə” və “Standart”, həmçinin aviaşirkətin satış ofislərində “Super” tarifləri ilə əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
On kiloqramadək çəkisi olan əl yükü, 23 kiloqramadək baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa iki saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Qeyd edək ki, Ukraynaya yeni istiqamətin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Odessa lou-kost aviaşirkətin Ukraynadakı üçüncü istiqaməti olacaq. Aviaşirkət artıq Kiyev və Xarkova müntəzəm uçuşlar həyata keçirir.