16 C
Baku
Thursday, November 20, 2025

“Buta Airways” İstanbula və Sankt-Peterburqa aviabiletlərin satışına başlayıb

“Buta Airways” aşağı büdcəli aviaşirkətinin rəsmi saytında qış uçuş cədvəli üzrə (oktyabrın 29-dan martın 29-dək) aviabiletlər satışa buraxılıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, qış uçuş cədvəli üzrə Bakıdan İstanbula (“Sabiha Gökçən” hava limanı) və Sankt-Peterburqa, həmçinin Gəncədən Moskvaya (“Vnukovo” hava limanı) olan reyslərə aviabiletlərin satışına başlanılıb.

Qeyd edək ki, aviaşirkət sentyabrın 1-dən Bakıdan Moskva (“Vnukovo” hava limanı), Kiyev (“Julyanı” hava limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək.

Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Low-cost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.

Minimal tarif ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı öncədən sifariş etmək mümkün olacaq. Menyu ilə “Təyyarədə qidalanma” səhifəsində tanış ola bilərsiniz. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.

Sərnişinlərdən tez-tez daxil olan suallar əsasında “Suallar və cavablar” səhifəsi hazırlanıb.

 

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər