Gələn il yanvarın 22-dən Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Kiyev istiqamətindəki reyslərini“Borispol” beynəlxalq hava limanına yerinə yetirəcək. Hazırda reyslər “Julyanı” aeroportuna həyata keçirilir.
Banker.az xəbər verir ki, Report agentliyinə bu barədə aviaşirkətə istinadən məlumat verir.
27 martadək qüvvədə olan 2019/2020-ci il qış uçuş cədvəli çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.
“Borispol” beynəlxalq aeroportu Ukraynanın ən böyük hava limanıdır və Kiyevdən 29 km cənub-şərqdə yerləşir. Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri “Borispol” aeroportuna həyata keçirir, bu da öz növbəsində “Buta Airways”in sərnişinlərinə daha rahat birləşmələr planlaşdırmağa imkan verəcək.
Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.