Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zəngin ölkələrin mövqeyinə görə, bütün ölkələri peyvəndlə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminin tətbiqini təxirə salmalı olub. Banker.az xəbər verir ki, bu barədə ÜST-nin sənədlərinə istinadən “The Financial Times” qəzeti məlumat verib.
“Zəngin ölkələr”, xüsusən ABŞ, İngiltərə və Yaponiya, bu proqrama qoşulmağa tələsmirlər və peyvənd tədarükünü reallaşdırmaq üçün beynəlxalq korporasiyalarla müqavilə bağlayırlar. Bu səbəbdən COVAX mexanizminin tətbiqi 31 avqustdan 18 sentyabra qədər təxirə salınıb.
Xatırladaq ki, COVAX sayəsində 2021-ci ilin sonunadək dünya ölkələrinə 2 milyard doza paylamaq planlaşdırılır. Bu, nəticədə peyvənd istehsalçılarına dozaların satılacağına zəmanət verir, eyni zamanda yoxsul ölkələr üçün peyvəndi əldə etmək imkanını yaradır.
ÜST rəhbərinin köməkçisi Mariangelle Simaoya qeyd edir ki, bu vəziyyətdə iki seçim var. Birinci – “peyvənd millətçiliyi”(yeni dərman az sayda ölkə üçün əlçatan olacaq). İkinci – bütün ölkələri peyvənd ilə təmin edəcək çoxtərəfli yanaşma. “Ölkələr üçün yeganə ağlabatan həll yolu bu təşəbbüsə qoşulmaqdır”, – Simao söyləyir.
Qeyd edək ki, koronavirus peyvəndi Çin, ABŞ və İngiltərə də daxil olmaqla bir çox ölkədə hazırlanır. Ötən ayda Rusiya bütün dünyaya ilk COVID-19 peyvəndini təqdim etsə də, ABŞ onun təhlükəsizliyinə şübhə edib. Serbiya və Meksika isə əksinə, dərmana maraq göstəriblər.