6 C
Baku
Thursday, December 26, 2024

“Bütün yollar” ECB-ni sentyabrda faiz endiriminə aparır

Avrozonada avqust ayında baş verən inflyasiya yavaşlamasına baxmayaraq, bazarlar bununla bağlı səssiz qalıb. Bu yavaşlama, hələ də yüksək səviyyədə olan xidmət sektoru inflyasiyasına baxmayaraq, Avropa Mərkəzi Bankının (ECB) sentyabr ayındakı iclasında ikinci faiz dərəcəsi azalması gözləntilərini dəstəkləyir. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Avropa Birliyinin statistika ofisi Avrostata görə, avqust ayında Avrozonada inflyasiya illik müqayisədə 2.2% artıb. Bu, 2021-ci ilin ortalarından bəri ən aşağı göstəricidir. Məlumatlar, The Wall Street Journal-ın sorğusuna görə, iqtisadçıların gözləntilərinə uyğun olub və iyul ayında qeydə alınan 2.6%-dən aşağı düşüb.

Enerji və ərzaq qiymətlərini çıxmaqla hesablanan baza inflyasiya isə avrozonada 2.8% təşkil edib və keçən ayın 2.9%-lik göstəricisi ilə müqayisədə cüzi azalıb. Bununla belə, xidmət sektoru inflyasiyası iyul ayındakı 4.0%-dən avqust ayında 4.2%-ə yüksəlib.

“Capital Economics” şirkətinin baş iqtisadçısı Cek Allen-Reynolds qeyd edir ki, avqustdakı xidmətlər sektorunda gözlənilməz inflyasiya artımı, ECB-nin sentyabr ayında faiz dərəcəsini azaltmasının qarşısını almayacaq.

“J.P. Morgan Asset Management”in qlobal bazar analitiki Nataşa Mey qeyd edir ki, ECB-nin sentyabr iclası ayın ən vacib faiz qərarı olmayacaq, amma cümə günü açıqlanan inflyasiya məlumatı, Avrozonada ikinci faiz dərəcəsi azaldılması üçün yol açır.

ABŞ-ın şəxsi xərclərin baza qiymət indeksi açıqlandı, hansı ki, FED buna böyük önəm verməkdədir. Göstərici 2.7% ullik artım proqnozuna qarşı cəmi 2.6%-də sabit qaldı.

ECB 2019-cu ildən bəri ilk dəfə iyun ayında əsas faiz dərəcəsini azaldıb, çünki inflyasiya 2022-ci ilin sonlarındakı 10%-dən çox olan göstəricilərdən ardıcıl olaraq azalıb. Refinitiv məlumatlarına görə, ECB-nin sentyabr ayında 25 bəndlik faiz dərəcəsi azaldılması tamamilə qiymətləndirilib.

“EFG Asset Management”in baş iqtisadçısı GianLuigi Mandruzzato bildirib ki, avqust ayında əsas və baza inflyasiyanın azalması bazar proqnozlarına uyğundur və ECB-nin sentyabr ayında faiz dərəcələrini 25 bənd azaltması gözləntilərini dəstəkləyir.

10 illik Alman istiqrazlarının gəlirliliyi iki bənd azalaraq 2.258%-ə enib, əvvəlki səviyyədən çox da dəyişməyib.

Avro dollar qarşısında sabit qalaraq, məlumatlara az reaksiya verib. Hal-hazırda $1.1083 səviyyəsində ticarət olunur.

Stoxx 600 indeksi məlumatlardan dərhal sonra 0.3% artaraq 526.6 bənd ilə yeni rekorda çatıb. Almaniyanın DAX və Fransanın CAC indeksləri müvafiq olaraq 0.2% və 0.7% artıb. Londondakı FTSE 100 indeksi isə 0.3% yüksəlib.

Son xəbərlər
Digər xəbərlər