Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, cari ildə neftin bir barelinin orta qiyməti 62,13 ABŞ dolları, 2027-ci ildə isə 62,17 dollar təşkil edəcək. Bu barədə BVF-in dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair növbəti hesabatında bildirilir.
Araşdırmada qeyd olunur: “2025-ci il 20 noyabr tarixinə fyuçers bazarları nəzərə alınmaqla, ABŞ dolları ilə ifadə olunan neftin bir barelinin ehtimal edilən orta qiyməti 2026-cı ildə 62,13 dollar, 2027-ci ildə isə 62,17 dollar olacaq”. Hesabat müəlliflərinin fikrincə, neft qiymətləri cari ildə 8,5% azalacaq, gələn ildə isə 0,1% artacaq. Bu göstəricilər BVF-in ötən ilin oktyabrında açıqlanan əvvəlki hesabatı ilə müqayisədə 2026-cı il üçün mənfi 4%, 2027-ci il üçün isə müsbət 0,3% istiqamətində korrektə edilib.
Ümumilikdə, BVF mütəxəssisləri yazır ki, “enerji daşıyıcılarının qiymətləri 2026-cı ildə təxminən 7% azalacaq”. Onların sözlərinə görə, bu, “2025-ci ilin oktyabr hesabatında proqnozlaşdırılandan daha çoxdur”. Sənəddə vurğulanır ki, “neft qiymətləri aşağı səviyyədə qalır və qlobal tələbin zəif artımı, eyni zamanda təklifin güclü artımı səbəbindən daha da enəcəyi gözlənilir. Bununla belə, yüksək maya dəyərinə malik istehsalçıların fəaliyyəti, Çinin strateji ehtiyatları, eləcə də qiymətlərin çökməsinin qarşısını almaq məqsədilə seçilmiş OPEC+ yanaşması qiymətlər üçün yumşaq minimum səviyyə formalaşdırır”.
BVF ekspertləri əlavə edirlər ki, “təbii qazın qiymətləri də nisbətən təmkinli qalacaq”. Buna səbəb kimi enerji daşıyıcılarına tələbin azalması (bu isə qeyri-müəyyənliklə bağlıdır), Avropa İttifaqının qaz anbarları üzrə daha çevik hədəfləri, həmçinin orta müddətli perspektivdə mayeləşdirilmiş təbii qazın (LNG) təklifinin əhəmiyyətli dərəcədə artacağı gözləntiləri göstərilir.







