20 C
Baku
Thursday, October 16, 2025

BVF: 2029-cu ilə qədər qlobal borc ÜDM-in 100%-ni ötəcək

2029-cu ilə qədər dünya üzrə dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 100%-ni keçə bilər — bu, 1948-ci ildən bəri ən yüksək göstəricidir. Bu proqnoz Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən 15 oktyabrda dərc olunan büdcə monitorinqi hesabatında yer alıb.

BVF-nin fiskal məsələlər departamentinin rəhbəri Vitor Qaspar hesabatla bağlı keçirdiyi mətbuat brifinqində siyasətçiləri dövlət borcuna nəzarət və borc risklərinin məhdudlaşdırılması üçün təcili tədbirlər görməyə çağırıb.

Qasparın sözlərinə görə, faiz dərəcələrinin artması, geosiyasi gərginlik və davam edən büdcə kəsiri dövlət maliyyələrinə mənfi təsir göstərir. “Bir çox böyük iqtisadiyyatlarda dövlət borcu artıq ÜDM-in 100%-ni ötüb və ya proqnozlara görə bu səviyyəni keçəcək. “Böyük iyirmilik” ölkələri arasında bu siyahıya Kanada, Çin, Fransa, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir”, – deyə BVF rəsmisi bildirib.

Qaspar qeyd edib ki, risklərin bölgüsü daha sürətli borclanma istiqamətinə yönəlib və 2029-cu ilə qədər qlobal dövlət borcunun ÜDM-in 124%-nə çatma ehtimalı 5% təşkil edir. O əlavə edib ki, faiz dərəcələrinin yüksəlməsi maliyyələşdirmə xərclərini artırıb və büdcələrə təzyiq yaradıb: 2025-ci ildə bu xərclər ÜDM-in 2,9%-nə, 2020-ci ildəki 2%-dən yüksələcək. “Bu göstərici onilliyin sonuna qədər artmaqda davam edəcək,” – deyə Qaspar bildirib.

BVF hesabatına əsasən, ABŞ-nin dövlət borcu 2025-ci ildə ÜDM-in 125%-ni, 2026-cı ildə 128,7%-ni, 2027-ci ildə 132,7%-ni, 2028-ci ildə 136,6%-ni, 2029-cu ildə isə 140,1%-ni təşkil edəcək.

Ukraynanın dövlət borcu 2025-ci ildə ÜDM-in 108,6%-ni, 2026-cı ildə 110,4%-ni; 2027-ci ildə 106,4%-ni, 2028-ci ildə 102,9%-ni, 2029-cu ildə 98,3%-ni, 2030-cu ildə isə 94,1%-ni təşkil edəcək.

Rusiyanın dövlət borcu BVF-nin proqnozuna görə, 2025-ci ildə ÜDM-in 23,1%-i, 2026-cı ildə 24,8%-i, 2027-ci ildə 26,6%-i, 2028-ci ildə 28,7%-i, 2029-cu ildə isə 30,7%-i səviyyəsində olacaq.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci il 1 oktyabr tarixinə ölkənin dövlət borcu 27 trilyon rubl təşkil edir. Prezident Vladimir Putinin qiymətləndirməsinə əsasən, bu göstərici “nisbətən kiçikdir” və ÜDM-in 20%-dən aşağıdır.

Son xəbərlər
Digər xəbərlər